Paytaxt klubu braziliyalı legionerlərin yolunu gözləyir
18.09.2010 - 11:29
Paytaxt klubu braziliyalı legionerlərin yolunu gözləyir
“Heyəti formalaşdırmaqda tələsmirik. Çünki çempionata kimi kifayət qədər vaxtımız var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Nəqliyyatçı” voleybol klubunun baş məşqçisi Adnan Kistak deyib.

Türkiyəli mütəxəssis komandasının çempionatda uğurlu çıxışı üçün transfer edəcəyi legionerlərin seçimində yanılmaq istəmir. Artıq bir neçə əcnəbini sınaqdan keçirən Kistak bildirib ki, düşərgəyə yeni voleybolçular gələcək və bundan sonra qərarını verəcək: “Azərbaycanlı gənclərlə bağlı seçimimi bitirmək üzrəyəm. Lakin legionerlərlə müqaviləni son anda imzalamaq istəyirik. Çünki baxışa gələn bolqarıstanlı, ukraynalı, qazaxıstanlı və amerikalılarla yanaşı digər əcnəbiləri də sınaqdan keçirmək istəyirəm. Bu günlərdə komandamıza braziliyalı voleybolçular da qoşulacaq. Onların hamısının gücünü əyani gördükdən sonra büdcəmizə uyğun 4-ü ilə müqavilə bağlayacağıq. İstəyirəm ki, komandamız Super Liqada rəqiblərimizə qarşı ciddi müqavimət göstərsin”.

Qeyd edək ki, voleybol üzrə Azərbaycan çempionatının startı noyabrın sonlarına planlaşdırılır.
0