Azərbaycan çempionatının başlanma vaxtı dəqiqləşdi
29.09.2010 - 13:45
Azərbaycan çempionatının başlanma vaxtı dəqiqləşdi
Voleybol üzrə qadınlar arasında keçiriləcək növbəti Azərbaycan Super Liqasının başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2010/2011-ci illər mövsümü noyabrın 25-də start götürəcək.

“Rabitə”, “Lokomotiv”, “İqtisadçı”, “Azərreyl”, “Bakı” və “Şirvan-Quba” komandalarının iştirakı ilə baş tutacaq çempionatın ilk 2 dövrəsinin oyunları bu tarixdən başlayaraq həftənin cümə axşamı, cümə və şənbə günləri təşkil ediləcək.

Reqlamentə əsasən, 10 turdan (2 dövrədən) sonra axırıncı 2 pillədə qərarlaşacaq klublar Super Liqanı yarımçıq dayandıracaqlar. Mübarizəni davam etdirəcək 4 komanda isə yenidən 2 dövrədən ibarət pley-off mərhələsində bir-birini sınağa çəkəcək. Bu mərhələdən sonra turnir cədvəlində 1-4-cü və 2-3-cü yerləri tutacaq komandalar yarımfinalda 2 qələbəyə kimi bir daha qüvvələrini sınayacaqlar. Finala vəsiqə əldə edəcək klublar isə 3 qələbəyə kimi oynayacaqlar.

Super Liqanın həlledici mərhələsinin son görüşü mayın 10-da təşkil ediləcək. Kişilər arasında Azərbaycan çempionatı isə 2011-ci ilin fevralında başlayacaq.

Qeyd edək ki, Super Liqanın son qalibi “Rabitə” olub.
0