“Bakı komandasının büdcəsi bizdən 5 dəfə çoxdur”
01.10.2010 - 12:13
“Bakı komandasının büdcəsi bizdən 5 dəfə çoxdur”
“İlk növbədə əsas vəzifəmiz zədədən qorunmaqdır. Çünki qrupumuz çox çətindir. Bizi super voleybolçulardan təşkil edilmiş İtaliya çempionu “Skavolini” və ulduzlardan qurulan “Rabitə” ilə gərgin oyunlar gözləyir. Bakı komandasının büdcəsi bizdən 5 dəfə çoxdur və onların heyətində Rumıniyada çıxış etmiş təcrübəli Olqa Toçko (Attivi) və Mira Qoluboviç də yer alacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Buxarestin “Dinamo-Romprest” klubunun baş direktoru Marien Ştefen deyib.

Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan rumınlar görüşlərin çətin keçəcəyi qənaətindədir. Onlar əsas rəqibləri sırasında komandamızı görsələr də, öz meydanlarında qalib gəlməyi planlaşdırırlar: “Biz növbəti mərhələyə yüksəlmək istəyiriksə, evdə uduzmamalıyıq. Bunun üçün ilk növbədə Buxarestdə 2 komandaya qalib gəlməliyik. Polşanın “Aluprof” və Azərbaycanın “Rabitə” klublarını Rumıniyada məğlub etməyi planlaşdırırıq”.

Qeyd edək ki, Çempionlar Liqasının hazırlığına start verən “Dinamo-Romprest” məşqlərini ölkəsində davam etdirir. Az öncə Türkiyədə təlim məşq-toplanışında olan rəqibimiz buradan vətənlərinə 3 qələbə və 1 məğlubiyyətlə qayıdıblar.

Belə ki, “Qalatasaray”a 0:3 (23-25, 22-25, 23-25) hesabı ilə uduzan komanda “Vakıfbank Günəş Sığorta”ya (25:18, 25:12, 25:8), “Bəylikdüzüspor”a (25:18, 25:16, 25:14) və “Ereğli Bələdiyyəspor”a (25:17, 25:18, 25:18) “quru hesabla” qalib gəliblər. “Rabitə” isə ilk oyununu noyabrda məhz “Dinamo-Romprest”ə qarşı keçirəcək.
0