Lidiya Maksimenko: Yeni komandada yeni soyadla
04.10.2010 - 17:00
Lidiya Maksimenko: Yeni komandada yeni soyadla
Azərbaycan yığmasının voleybolçusu Lidiya Maksimenkonun karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvünün “Eğerli Bələdiyyəspor”la danışıqları müsbət yekunlaşıb. Yığmamızın milliləşdirilmiş legioneri yeni komandası ilə 1 il müddətinə müqaviləyə imza atıb.

Komandanın baş məşqçisi Maksimenkonun keçidinə şad olduğunu və yeni heyətlə Avropa kuboklarında iştirak etmək arzusunda olduğunu açıqlayıb: “Bu mövsüm əcnəbi voleybolçu almaq çox çətinləşib. Onların qiymətləri və illik məvaciblərində artım müşahidə olunur. Amma çox şadam ki, ötən mövsüm “Yeşilyurt”da forma geyinən Maksimenko ilə anlaşa bildik. Onu çox yaxşı tanıdığımdan bizim üçün faydalı olacağını deyə bilərəm. Bizi Super Liqadan əvvəl kubok yarışları gözlədiyindən burada uğurlu çıxış etmək istəyirik. Tekerdağda oynayacağımız qrup oyunlarında növbəti mərhələyə yüksəlməyi planlaşdırırıq. Çempionatda isə ilk “beşlik”də yer alaraq, Avropa kuboklarında oynamaq arzusundayıq”.

Qeyd edək ki, “Eğerli Bələdiyyəspor”da hazırda maddi baxımdan çətinlik hökm sürür. Bunun üçün 4 əcnəbi almağı planlaşdıran komanda 2-si ilə kifayətlənib və əsasən gənclərə güvənəcək.

Yeri gəlmişkən, Lidiya ailə həyatı qurduqdan sonra özünə yeni soyad götürüb. 75 dəfə Türkiyə yığmasının formasını geyinən İbrahim Emetlə evlənən voleybolçumuz bundan sonra Lidiya Emet adlanacaq. Lidiyanın 24 yaşlı həyat yoldaşı 2,10 m boya malikdir, bu mövsüm “Qalatasaray”dan “Gənclərbirliyi”nə transfer olunub.
0