Gözlənilməz hamiləlik yığmanın voleybolçusuna baha başa gəldi - FOTO
08.10.2010 - 10:50
Gözlənilməz hamiləlik yığmanın voleybolçusuna baha başa gəldi - FOTO
Türkiyənin “Əczaçıbaşı” voleybol klubunun yeni transfer etdiyi İtaliya yığmasının üzvü Cenni Barazzanın hamilə olduğu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunun üçün istanbullular Apennin təmsilçisinin heyətində 1 dəfə dünya və 2 dəfə Avropa çempionu adını qazanan voleybolçu ilə müqaviləni qarşılıqlı şəkildə pozublar.

Barazza isə buna təəssüflənmir. O bildirib ki, müəyyən müddət voleybol oynamayacağına görə üzgün olsa da ana olmaq arzusundadır: “Ana olacağım üçün çox şad və həyəcanlıyam. Bunu planlaşdırmırdım. Amma gözləmədiyim hadisə ilə qarşılaşdım. İtaliya yığması ilə dünya çempionatının final mərhələsinə hazırlaşdığım vaxtda bu xəbəri aldım. Bu səbəbdən Yaponiyada keçiriləcək mundialda da komandamın heyətində yer almayacağam. Yığmadan kənar qalacağım və “Əczaçıbaşı”nda oynaya bilməyəcəyim üçün üzgün olsam da, ana olmaq istəyirəm”.

Qeyd edək ki, 29 yaşlı Barazza “Əczaçıbaşı”ya İtaliyanın “Asistel” komandasından transfer edilmişdi.
0