Azərbaycan çempionu beynəlxalq turnirlərdən imtina etdi
09.10.2010 - 11:00
Azərbaycan çempionu beynəlxalq turnirlərdən imtina etdi
Çempionlar Liqasına hazırlaşan “Rabitə” voleybol klubu Türkiyədə yoxlama görüşlərini yekunlaşdırıb. Bu barədə apasport.az saytına məlumatı komandanın idman direktoru Nəsimi Musayev verib.

Onun sözlərinə görə, Türkiyədə 4 oyun keçirən “Rabitə” oktyabrın 11-də yenidən Bakıya qayıdaraq məşqlərini vətəndə davam etdirəcək. Azərbaycan çempionu İtaliyada olacaq beynəlxalq turnirdən də imtina edib. Buna səbəb xarici klubların əsas voleybolçularının milli komandalarında dünya çempionatına hazırlaşmasıdır.

Musayev bildirib ki, hazırda Azərbaycan Super Liqasında güclü klublar olduğundan burada yoxlama görüşləri keçirmək niyyətindədirlər: “Bizə mini yarışlarda iştirak etmək üçün İtaliya, Polşa, Rusiya və digər ölkələrdən təkliflər gəlsə də, Azərbaycanda oynamağı üstün tuturuq. Çünki bir çox komandalar aparıcı voleybolçularsız oynayır ki, bu zaman da “Rabitə”nin gücünü aydın görmək olmur. Hazırda oyunçuları yığmanın düşərgəsində olan xarici klublarla müqayisədə “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” daha güclüdür. Çempionlar Liqası öncəsi onlarla sınaq görüşləri keçirmək niyyətindəyik”.

Qeyd edək ki, Türkiyədə 4 yoxlama oyunu keçirən “Rabitə” 2 görüşdə qalib gəlib, 2-də isə məğlub olub.
0