Çempionumuz meydana çıxmamış məğlubiyyətlə barışıb
15.10.2010 - 12:04
Çempionumuz meydana çıxmamış məğlubiyyətlə barışıb
“Sabah çox çətin oyun olacaq. Hər 2 görüşü Bakıda keçirməyimizə baxmayaraq, rəqibimizi daha şanslı sayıram”. Bu sözləri apasport.az saytına açıqlamasında kişilərdən ibarət “Azərneft” voleybol klubunun baş məşqçisi Sahib Əliyev deyib.

Azərbaycan çempionu “Azərneft”i oktyabrın 16-da və 17-də çətin sınaq gözləyir. Sahib Əliyevin yetirmələri həmin gün “Çelenc Cup”ın ilkin təsnifat mərhələsində Serbiya təmsilçisi “Partizan”la qarşılaşacaqlar.

Əliyev görüşə 1 gün qalmasına baxmayaraq, komandasını oyuna hazır saymır: “Legionerlərin gəlişindən sonra 1 həftədir bir yerdə məşq edirik. Heç onların adları da yadımda deyil. Bunun üçün qələbə qazanacağımıza söz verə bilmərəm. Mən 30-40 ilin məşqçisiyəm. Belə vəziyyətdə növbəti mərhələyə keçəcəyimizə necə söyləyim? Düzdür, onlara qalib gəlmək olar. Lakin onda gərək rəqib oynamaya”.

Serbiya yığmasının yenicə başa çatan dünya çempionatında bürünc qazanması və onların İtaliyanı məğlub etməsi komandanın baş məşqçisini qayğılandırır. Onun sözlərinə görə, Azərbaycanla müqayisədə orada voleybol daha çox inkişaf edib: “Serbiyada voleybol məktəbi çox güclüdür. Onlar dünya çempionatında da nəyə qadir olduqlarını nümayiş etdirdilər. Yarımfinalda Kubaya həlledici setdə 14:16 hesabı ilə uduzaraq finala çıxa bilmədilər. Bunun üçün “Partizan”ın da heyətində güclü voleybolçuların olduğunu söyləyə bilərəm. Bunu rəqib haqqında heç bir məlumat toplaya bilmədiyim üçün fərziyə kimi deyirəm. Çünki onların heç bir oyununu da izləməmişik. Bunu təşkil edəcək agentimiz yoxdur”.

Əliyevin sözlərinə görə, ötən mövsüm komanda oyuna hazır olduğundan mərhələ adlamağı bacardı. Bunun üçün həmin uğuru təkrarlamaq rəqibin oyununu gördükdən sonra müəyyənləşə bilər: “Bu illə müqayisədə 2009-cu ildə tam heyətlə 3 ay birlikdə məşq etdik. Ölkə xaricində təlim-məşq toplanışı keçdik və beynəlxalq turnirlərdə iştirak etdik. Bu dəfə isə vəziyyət fərqlidir. Lakin çıxıb bacardığımızı oynayacağıq”.

Qeyd edək ki, ötən mövsüm ilk mərhələdə Yunanıstan “Foinikas” komandasını mübarizədən kənarlaşdıran “Azərneft” İsveçrə “Volley”inə uduzaraq mübarizəni dayandırmışdı.
0