Natalya Hanıkoğlu: Azərbaycanı çox sevirəm
18.10.2010 - 23:00
Natalya Hanıkoğlu: Azərbaycanı çox sevirəm
“Hər 2 oyunda gözəl qələbə qazandıq. Rəqibimizi bütün komponentlərdə qabaqladıq. Güclü heyətimiz var və istəyirik ki, uğurlarımız davam etsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelenc Cup” turnirində Maltanın PAOLA Hibs komandasını mübarizədən kənarlaşdıran “Azərreyl”in kapitanı Natalya Hanıkoğlu deyib.

1999-cu ildən 2008-ci ilə qədər Türkiyə yığmasının şərəfini qoruyan rus əsilli voleybolçu Avropada uğurlu oyunlar seriyasını davam etdirmək arzusundadır. O, rəqibin hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, finala kimi irəliləyəcəklər qənaətindədir: “Biz hələ ilkin mərhələni arxada qoymuşuq. Amma qarşıda daha çətin rəqiblərlə qüvvəmizi sınayacağıq. İnşallah, sonacan irəliləməyi arzulayırıq. Bütün rəqiblərimizi məğlub edərək, yalnız irəliləməyi planlaşdırırıq”.

Hanıkoğlu bildirib ki, Azərbaycana olan məhəbbəti onun “Azərreyl”ə gəlməsində böyük rol oynayıb: “Mən Azərbaycanı çox sevirəm. Bura gəlməyimdə də bu amil böyük rol oynayıb. Bakıda oyunlarda həmişə möhtəşəm azarkeş dəstəyi olur. Bu dəfə də belə idi. Arenada bizi dəstəkləyən azarkeşləri də çox sevirəm. Onları oyunlara çağırıram. Çünki məqsədimiz böyükdür. Biz qarşımıza məqsəd kimi “Çelenc Cup”, Azərbaycan çempionatı və kubokunu qazanmağı qoymuşuq”.

Qeyd edək ki, şəxsi meneceri Azərbaycan yığmasının sabiq üzvü İnessa Qorxmaz olan 35 yaşlı Hanıkoğlu 1994-1999-cu illərdə Rusiya yığmasının da şərəfini qoruyub.

Tahir HÜMMƏTOV
0