“Bakı” daha 3 voleybolçu ilə gücləndi
25.10.2010 - 11:22
“Bakı” daha 3 voleybolçu ilə gücləndi
Paytaxtın “Bakı” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi 3 voleybolçunun keçidini rəsmiləşdirib.

Belə ki, son mövsümü Türkiyə Super Liqasında “Yeşilyurt” komandasında keçirən Azərbaycan yığmasının 29 yaşlı universal voleybolçusu Lidiya Maksimenko Emet karyerasını yenidən ölkəmizdə davam etdirəcək. Son anda qonşu ölkənin digər komandası “Ereğli Bələdiyyəspor”a transferi alınmayan sabiq “Azərreyl”li növbəti 1 ildə “Bakı”nın şərəfini qoruyacaq.

Onunla yanaşı, paytaxt klubu serbiyalı Sanya Tomaşeviçi də rənglərinə bağlayıb. ABŞ, Koreya, İsveçrə və Yunanıstanda oynamış 30 yaşlı təcrübəli voleybolçu bu ölkələrdə çempionluq və kubokun qalibi adını qazanıb. O, həmçinin “Çelenc Cup” turnirinin 2008-2009-cu illər mövsümündə ən yaxşı voleybolçusu seçilib.

Digər transfer isə Azərbaycan Super Liqasında çıxış etmiş 21 yaşlı Polina Stoynevadır. Son mövsüm “İqtisadçı” ilə ölkə çempionatının bürünc medalını qazanan voleybolçu Bolqarıstan milli komandasının da şərəfini qoruyur.

Qeyd edək ki, “Bakı” bu voleybolçulardan öncə çexiyalı Mixaela Hasalikova və amerikalı Eşli Enqllə rəsmi müqavilə imzalamışdı.
0