Yelena Şabovtanın ilk köşə yazısı
27.10.2010 - 13:24
Yelena Şabovtanın ilk köşə yazısı
“Əvvəllər köşə yazmaq ağlıma belə gəlməmişdi. Lakin sonradan belə təklif aldım və “niyə də yazmayım” dedim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının sabiq voleybolçusu Yelena Şabovta deyib.

Milli komanda ilə yanaşı, Bakının “Azərreyl” klubunun da şərəfini qoruyan Şabovta jurnalist kimi fəaliyyətə başlayıb. O, ilk yazısında özündən bəhs edib və bildirib ki, voleybol ona həyatda hər şeyi qismət edib: “Voleybol mənim üçün həyat, nəfəs, məslək aldığım və eyni zamanda pul qazandığım bir hobbidir. Kiçik yaşlarımdan voleybol oynadım. Bu zaman təhsil almaq, məndən gözlənilənlər və mənim etmək istədiklərim heç zaman asan olmurdu. Ailəmdən, dostlarımdan, rəfiqələrimdən və ictimai həyatdan ayrı düşməli olurdum. Lakin mən bütün çətinliklərə sinə gələrək, uğurlu karyera keçirdim”.

Şabovta voleybolçu karyerasını bitirdikdən sonra məğgul olduğu menecerlik barədə də fikirlərini bildirib. O, idmançı və yeni peşəsi arasında müqayisə aparıb: “Voleybolçu həyatı çox çətin bir həyat və duyğuların dəyişdirə biləcəyi bir peşədir. Amma inanın ki, menecerlik də çox çətindir. Məşq etmək və oyun oynamaq istisna olmaqla, az qala idmançı ilə eyni həyat tərzinə malik olursan. Hər mərhələdən keçirsən. Meydanlara gedir, ailə və sevdiklərinlə meneceri olduğun voleybolçunun məşq və matç proqranına uygun görüşüb, həyatdakı hər şeyi buna görə nizamlayırsan. Menecerlikdə rəhbərlik və digər şəxslər qarşısında məsuliyyət daşıyırsan. Voleybolçu ilə komanda arasında körpü olursan. “Əczaçıbaşı” klubundan ayrıldıqdan sonra da voleybolla nəfəs alıram. Bir sözlə, voleybol olmazsa, mən də olmaram. Bunun üçün hazırda rəfiqəm İnessa Qorxmazla birlikdə menecerlik edirik. Həyat nə gətirər, nə apararsa naməlumdur. Amma mən ömrüm boyu bilkilərimi artırmağı və yeni təcrübə toplamağı davam edəcəyəm”.
0