Azərbaycan dünya çempionatına 11 voleybolçu göndərdi
28.10.2010 - 10:09
Azərbaycan dünya çempionatına 11 voleybolçu göndərdi
Sabah voleybol üzrə dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, 24 ölkənin mübarizə aparacağı mundial Azərbaycan üçün də əlamətdar olacaq. Belə ki, ölkəmizin tarixi ərzində ilk dəfə Super Liqada forma geyinəcək 11 voleybolçu 7 müxtəlif milli komandanın heyətinə cəlb edilib.

Klublarımızdan “Rabitə” mundialda 4 voleybolçu ilə təmsil olunacaq. Azərbaycan çempionunun voleybolçularından Mirela Deliç Xorvatiya, Nataşa Krsmanoviç, Silviya Papoviç Serbiya və Kimberli Qlass ABŞ yığmasının heyətində yer alıblar. Super Liqanın gümüş mükafatçısı “Lokomotiv”in üzvlərindən Nansi Metkalf, Nikole Davis (ABŞ) və Elena Keldibekova (Peru) Yaponiyada oynamaq şansı qazanıblar.

Azərbaycan çempionatının bürünc mükafatçısı “İqtisadçı”nın da 3 voleybolçusu mundialdan sonra komandaya qoşulacaq. Rəşad Yazıçıoğullarının çalışdırdığı klubdan Yuko Sano (Yaponiya), Alisa Blom (Hollandiya) və Katlin Ueiss (Almaniya) yığmalarının heyətində dünya çempionu olmağa çalışacaqlar. Asiyada “Azərreyl”in voleybolçusu Cennifer Tamas da özünü göstərmək şansı qazanıb. Paytaxt klubunun üzvü meydana ABŞ yığmasının kapitanı kimi çıxacaq.

Qeyd edək ki, oktyabrın 29-da Yaponiyada start götürəcək dünya çempionatı noyabrın 14-ə kimi davam edəcək.
0