“3 azərbaycanlının xaricdə eyni klubda oynaması yaxşı haldır” - FOTO
29.10.2010 - 11:50
“3 azərbaycanlının xaricdə eyni klubda oynaması yaxşı haldır” - FOTO
“Azərbaycan çempionatının startına az qalıb. Bütün klublar kimi, biz də hazırlığın son mərhələsini keçirik”. Bu sözləri apasport.az saytına açıqlamasında kişilərdən ibarət “Qala” basketbol klubunun baş məşqçisi Elxan Əliyev deyib.

Yığmanın da baş məşqçisi olan Əliyev bildirib ki, bu mövsüm də əsas mübarizə milli komanda üzvlərinin cəmləşdiyi “Qala” və “Araz” arasında gedəcək: “Komandamız hər il olduğu kimi, yenə çempionluq uğrunda mübarizə aparacaq. Fikrimcə, bu yolda əsas rəqibimiz “Araz” olacaq. Onların heyətində də yığmanın basketbolçuları olduğundan 2 klub arasında maraqlı görüşlər baş tutacaq. Digər komandalardan sensasiya gözləməyə dəyməz. Amma təcrübə qazanıb, inkişaf edə bilərlər”.

Məşqçinin sözlərinə görə, birincilikdə Avropa çempionatının B divizionunda çıxış edən milli komanda üçün yeni basketbolçu kəşf etmək inandırıcı görünmür. Lakin Əliyev buna baxmayaraq, 2 yeniyetmə basketbolçunu “Qala”ya cəlb edib və onlarla əlavə vaxtda da məşğul olur: “Bu mövsüm Azərbaycan çempionatında yeni basketbolçunun parlamasına ümidim azdır. Çünki 5-6 ay ərzində oyunla yığmaya düşmək bir qədər çətindir. Mən də istəyirəm ki, seçim imkanım olsun. Amma bu hələ ki çətindir. Bunlara baxmayaraq, “Qala”da 2 yeniyetmə basketbolçu var. Onlar yaxşı gələcək vəd edir. Azərbaycanlı olan uşaqlardan 1-nin boyu 200 sm, digərinin boyu isə 205 sm-dir. Məşqdən sonra da qalıb onlarla işləyirəm. Yığma ilə bağlı məni sevindirən odur ki, bu mövsümdən aparıcı basketbolçularımız Rasim Başak və Aleksandr Rindın bir komandada çıxış edirlər. Onlarla birlikdə Orxan Adnan Hacıyeva da “Türk Telekom”dadır. 3 azərbaycanlının ölkə xaricində eyni klubda oynaması yaxşı haldır”.

Qeyd edək ki, Azərbaycan çempionatına noyabrın 16-da start veriləcək.
0