“Ucaboylu olduğum üçün Bakı küçələrində mənə tez-tez baxırlar”
01.11.2010 - 10:32
“Ucaboylu olduğum üçün Bakı küçələrində mənə tez-tez baxırlar”
“Mən Azərbaycana gələndə bu ölkə barədə heç bir məlumatım yox idi. Yalnız amerikalı qızlardan informasiya topladıqdan sonra hər şey mənə tam aydınlaşdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun 22 yaşlı voleybolçusu Eşli Enql deyib.

ABŞ-ın 20 yaşlılardan ibarət yığmasının heyətində dünya çempionatının finalında iştirak edən voleybolçu Bakının fikirləşdiyindən də gözəl olduğunu və ən əsası güclü çempionatda oynayacağından şad olduğunu bildirib: “Bakıya gələndə buranın düşündüyümdən də gözəl olduğunu gördüm. Güclü tikinti işləri gedir, şəhər əladır. Həmişə yaşadığım yeri gəzmək mənə zövq verir. Bu barədə də Azərbaycan paytaxtı ürəyimcədir. Mərkəzdə gözəl restoranlar var. Super Liqaya gəlincə, qarşılaşmaların gərgin keçəcəyini deyə bilərəm. Çünki klublarda çox güclü voleybolçular yer alıblar. Əvvəlcədən çempionun kim olacağını proqnozlaşdırmaq çətindir. İnanıram ki, bizim də oyunumuz yaxşı alınacaq. Baş məşqçimiz Mixael Omelçenko da peşəkardır. Onun komandada olması mənim xeyrimədir. Çalışdırıcının rus dilində danışığını başa düşürəm. Çünki mənim bacım və qardaşım hazırda Rusiyada yaşayır. Yeznəm Kevin Hansen də voleybolçudur və bu ölkədə oynadığından rus dilində məlumatım var. Digər komanda yoldaşlarım isə ingilis dilində danışdığından hazırlıqda problemlə qarşılaşmıram”.

“Bakı” ilə 1 illik müqavilə imzalayan Enql ölkəmizdə olduğu müddətdə Azərbaycanın qonaqpərvərliyini və yeməklərimizin xüsusi dada malik olduğunu xüsusi vurğulayıb: “Azərbaycanlılar çox qonaqpərvərdirlər. Orada hamı məni xoş qarşılayır. Ucaboylu olduğum üçün Bakı küçələrində hiss edirəm ki, mənə tez-tez baxırlar. Adətən voleybol geyimində gəzdiyim üçün onlar üçün də hansı komandada oynamağım maraq doğurur. Azərbaycanın yeməklərinə gəldikdə, mən bu mətbəxdən zövq alıram. Kababları həqiqətən çox dadlıdır”.

0