“Çalışacağıq ki, çempion titulumuzu qoruyaq”
11.11.2010 - 15:03
“Çalışacağıq ki, çempion titulumuzu qoruyaq”
“Komandamız təlim-məşq toplanışını davam etdirir. Çempionatın ilk turuna kimi tam hazır olacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Araz” basketbol klubunun oynayan baş məşqçisi Tahir Baxşiyev deyib.

Noyabrın 20-də basketbol üzrə Azərbaycan çempionatına start veriləcək. Yarışda əsas mübarizənin “Araz” və “Qala” arasında gedəcəyini əvvəlcədən də söyləmək olar. Son mövsümün finalında qarşılaşan komandalardan paytaxt klubu heyətinə əl gəzdirsə də, “Araz” bu sahədə passivlik nümayiş etdirib. Lakin naxçıvanlıların baş məşqçisi Baxşiyev bildirib ki, bu heyətlə də çempionluğa oynamaq mümkündür: “Biz səs-küylü transfer reallaşdırmamışıq. Əksinə, ötən il heyətimizdə yer alan yığmanın üzvü Fuad Niftəliyev komandamızı “Qala”ya dəyişib. Buna baxmayaraq, çempionluğa oynayacağımızı deyə bilərəm. Çalışacağıq ki, ötən il qazandığımız titulu qoruyaq. Heyətimizdə isə 16 yaşlı 4 yeni basketbolçu yer alacaq. Onları “Araz”a cəlb etməkdə əsas məqsədim yığma üçün lazımı kadr hazırlamaqdır. Bunun üçün bizim legionerə ehtiyacımız yoxdur. Bu heyəti zəif olan komandalar üçün lazımdır”.

Baxşiyev son illərdə olduğu kimi bu dəfə də böyük hesablı qələbələrin qeydə alınacağını bildirib: “Bilirəm ki, yenə də oyunda güclü olanlar böyük fərqlə qalib gələcəklər. Lakin bunu ziyanımıza adlandırmıram. Çünki çempionat təcrübə toplamaq baxımından əhəmiyyətlidir”.

Son mövsümdə “Qala”ya qalib gələrək qızıl medallara sahib olan “Araz” Avropa kuboklarına qatılmadı. Onlar böyük ehtimalla növbəti ildə də qitə miqyaslı turnirlərdə iştirak etməyəcəklər: “Avropa çıxışımız hələ ki çətindir. Bunun üçün güclü maliyyə dayaqların olmalıdır. Gələn il üçün indidən nəsə demək çətindir”.

Qeyd edək ki, “Araz” ilk görüşündə 18 yaşlılardan ibarət yığmamızla qarşılaşacaq.
0