Rusiya dünya çempionu oldu
15.11.2010 - 11:11
Rusiya dünya çempionu oldu
Voleybol üzrə qadınlar arasında Yaponiyada keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın qalibi adına finalda Braziliya üzərində 3:2 (21:25, 25:17, 20:25, 25:14, 15:11) hesabı ilə qələbə qazanan Rusiya yığması layiq görülüb.

Bu, reytinq cədvəlində 7-ci olan şimal qonşularımızın 2-ci, keçmiş SSRİ-ni də nəzərə alsaq 7-ci çempionluğudur. Maraqlıdır ki, dalbadal ikinci dəfə dünyanın ən güclüsü olan Rusiya müstəqil ölkə kimi yenə Yaponiyada və yenə də dünya reytinqində 1-ci pillədə qərarlaşan Braziliyaya qalib gələrək qızıl medallara yiyələnib.

Tarixləri ərzində 4-cü dəfə finala yüksələn braziliyalılar isə bunlardan yalnız 1-də - 1960-cı ildə SSRİ-ni məğlub etməklə çempion adını qazanıblar. Digər 3-də Kuba (1994) və Rusiyaya (2006, 2010) uduzaraq, gümüş medalla kifayətləniblər.

3-cü yer uğrunda qarşılaşmada isə reytinq cədvəlində 5-ci olan Yaponiya 2-ci yerdə gedən ABŞ yığmasına 3:2 (18:25, 25:23, 21:25, 25:19, 15:8) hesabı ilə qalib gəlib. “İqtisadçı”nın voleybolçusu Yuko Sanonun şərəfini qoruduğu asiyalılar tarixləri ərzində ilk bürünc medallarına qovuşublar. Onlar bunu kimi 3 dəfə dünya çempionu və eyni sayda da mundiallın ikincisi olmuşdular. Sanodan fərqli, “Lokomotiv”in üzvlərindən Nansi Metkalf, Nikole Davis və “Azərreyl”in voleybolçusu Cennifer Tamasın heyətində yer aldığı ABŞ yığması isə yarımfinala kimi irəliləsə də, son 2 qarşılaşmada bəxti gətirməyib və Bakıya titulsuz qayıtmaq məcburiyyətində qalıblar.

Azərbaycan Super Liqasında qüvvəsini sınayacaq voleybolçulara gəlincə, Katlin Ueiss (“İqtisadçı”) Almaniya milli komandasının heyətində 7-ci, Nataşa Krsmanoviç və Silviya Popoviç (hər ikisi “Rabitə”) Serbiya yığmasının heyətində 8-ci yeri tutublar. “İqtisadçı” digər voleybolçusu Alisa Blom (Hollandiya) 11-ci, “Lokomotiv”in yeni transferi Elena Keldibekova (Peru) 15-ci, “Rabitə”nin üzvü Mirela Deliç (Xorvatiya) isə dünya çempionatını 17-ci pillədə başa vurublar.

Qeyd edək ki, mundialda 7 ölkənin komandasında mübarizə aparan voleybolçularımız noyabrın 29-da Super Liqanın ilk turunun startınadək paytaxtımızda olacaqlar.
0