“İstəyirik ki, Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil edək” - FOTO
16.11.2010 - 20:22
“İstəyirik ki, Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil edək” - FOTO
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə” voleybol klubunun rəsmiləri bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, konfransda paytaxt komandasının idman direktoru Nəsimi Musayev, baş məşqçi Dojan Brdjoviç, məşqçi Eldar Əliyev və kapitan Natalya Məmmədova yarışa hazırlıqla bağlı KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Serbiyalı mütəxəssis Brdjoviç təlim-məşq toplanışlarının plana uyğun getdiyini və komandanın Çempionlar Liqasına hazır olduğunu bildirib: “Güclü komandamız var. Hazırlıqdan sonra klubumuz daha da gözəl oyun nümayiş etdirir. Bu mövsüm iddialarımız böyükdür. İstəyirik ki, Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil edək. Voleybolçularımız artıq oyunlara hazırdır. Bunun üçün hər oyunda yaxşı oynamaq və lazımı nəticə qazanmaq arzusundayıq. Qrup mərhələsində ilk matç həmişə vacib olur. Biz isə debütü səfərdə edəcəyik. Bunun üçün noyabrın 24-də Avropanın ən mötəbər yarışına qələbə ilə başlamaq istəyirik”.

Brdjoviç, həmçinin Rusiya Voleybol Federasiyasının son anda Natalya Kulikovaya lisenziya verməməsinə və onun komandadan gedişinə də münasibət bildirib. Onun sözlərinə görə, dünya çempionunun komandadan ayrılması ciddi problem yaratmayacaq: “Kulikovanın gedişinin ciddi problem yaradacağını düşünmürəm. Çünki komandada onu layiqincə əvəz edən voleybolçularımız var. Bunun üçün oyunlarda onun yoxluğu hiss edilməyəcək. Ancaq Kulikovanın əvəzinə yeni transfer edilib-edilməyəcəyi ilə bağlı nəsə deyə bilmərəm”.

Sonra məşqçi Əliyev də “Rabitə”nin oyunlara hazır olduğunu bildirib: “Komandamız bu il çox güclənib. Bu da Çempionlar Liqasında uğurlu çıxışa hesablanıb. Voleybolçularımız oyuna hazırdır və Rumıniyada “Dinamo-Romprest” üzərində qələbə qazanmaq istəyirik. İlk qarşılaşmada qalib gəlmək komandada gözəl ruh yüksəkliyi yaradacaq”.

Komandanın kapitanı Natalya Məmmədova Çempionlar Liqasında əsas məqsədlərinin nəticə qazanmaq olduğunu deyib. O, bunun üçün hər matçda var gücləri ilə oynayacaqlarını və “Dördlər finalı”na qədər irəliləyəcəklərini bildirib.

Tahir HÜMMƏTOV
0