Natalya Məmmədova: Bu heyətlə istəyimizə nail olacağıq
17.11.2010 - 10:37
Natalya Məmmədova: Bu heyətlə istəyimizə nail olacağıq
“Əsas hədəfimiz Çempionlar Liqasına uğurla başlamaqdır. Debütdə lazımı nəticə qazanmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədova deyib.

Noyabrın 24-də “Rabitə” Çempionlar Liqasında mübarizəyə başlayacaq. Komandamızın rəqibi Rumıniyanın “Dinamo-Romprest” klubu olacaq. Azərbaycan çempionu səfərdə keçiriləcək ilk görüşə artıq hazırdır. Yığmamızın da şərəfini qoruyan Məmmədova bildirib ki, qitəmiqyaslı turnirə qələbə ilə başlamaq arzusundadırlar: “Klubumuz Avropanın ən səviyyəli turnirinə hazırdır. Noyabrın 19-da və 20-də gücümüzü bir daha yoxlamaq üçün “İqtisadçı” ilə yoldaşlıq görüşü keçirəcəyik. Burada hansısa çatışmamazlıq olarsa, onu matça kimi aradan qaldırmağa çalışacağıq. Amma belə halın müşahidə ediləcəyinə inanmıram. Çünki “Rabitə” güclüdür. Əsas hədəfimiz “Dördlər finalı”nda oynamaqdır. İnanıram ki, bu heyətlə biz istəyimizə nail olacağıq”.

3 dəfə Çempionlar Liqasının bombardiri olan Məmmədova qarşısına məqsəd kimi bu uğuru təkrarlamağı qoymayıb. O, əsas komanda oyunun vacib olduğunu bildirib: “Voleybol komanda oyunudur. Çempionlar Liqasında isə ən güclülər mübarizə aparır. Bunun üçün hər bir voleybolçu ən yaxşı olmaq üçün deyil, komandasının qələbəsi üçün çalışır. Əsas kollektiv oyundur. Bilirəm ki, azarkeşlər məndən yenidən ən çox xal toplamağı gözləyirlər. Mən də “Rabitə”yə faydalı olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Qeyd edək ki, “Rabitə” İtaliyanın “Skavolini”, Polşanın “Aluprof” və Rumıniyanın “Dinamo-Romprest” komandaları ilə eyni qrupda yer alıb.
0