Çeslav Svistak: Azərbaycan çempionundan sonra II yeri tutmaq istəyirik
18.11.2010 - 12:02
Çeslav Svistak: Azərbaycan çempionundan sonra II yeri tutmaq istəyirik
“Bu mövsüm iddialarımız böyükdür. Biz ölkə çempionatında və kubokunda qızıl medal qazanmağı, Çempionlar Liqasında isə ən pis halda pley-off mərhələsinə yüksəlməyi planlaşdırırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Aluprof” voleybol klubunun prezidenti Çeslav Svistak deyib.
Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan Bielsko-Biala təmsilçisi qrup mərhələsini keçmək arzusundadır. Svistak bildirib ki, Azərbaycan çempionu güclü olduğu üçün pley-off mərhələsinə yüksəlmək üçün əsas mübarizə İtaliyanın “Skavolini” komandası ilə gedəcək: “Mən fikirləşirəm ki, qrup mərhələsi gərgin keçəcək. Amma biz növbəti mərhələyə vəsiqə verəcək yerlərdən ikincisinə ümid edirik. “Rabitə” güclü olduğu üçün qrupda II yer uğrunda “Skavolini” ilə mübarizə aparacağıq”.
Svistakın sözlərinə görə, ötən mövsümlə müqayisədə büdcələrində ciddi dəyişiklik olmasa da, heyət çox güclənib: “Komandamız Çempionlar Liqasında uğurlu çıxış etmək gücündədir. Polşanın ən güclü voleybolçuları “Aluprof”da cəmlənib. Baş məşqçi Qrzeqorz Vaqner gözəl heyət formalaşdırıb. Bunun üçün azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.
Qeyd edək ki, “Rabitə” “Aluprof”la ilk görüşünü dekabrın 9-da səfərdə keçirəcək.
0