Marian Ştefen: “Rabitə” heyəti ilə fəxr edə bilər
24.11.2010 - 16:39
Marian Ştefen: “Rabitə” heyəti ilə fəxr edə bilər
“Bizi gərgin mövsüm gözləyir. Çempionlar Liqasında yer aldığımız qrupda Avropanın güclüləri yer alıblar”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Dinamo Romprest” voleybol klubunun baş direktoru Marian Ştefen deyib.

Ştefen “Rabitə” ilə Çempionlar Liqasının ilk turundan öncə bildirib ki, qrupda yer alan rəqiblərin heyətinin güclü olması, onların da lazımı transferlər həyata keçirməsi ilə nəticələnib: “Rəqiblərimiz – “Skavolini”, “Rabitə” və “Aluprof” öz heyətləri ilə fəxr edə bilərlər. Xüsusilə, Azərbaycan çempionu komandada güclü voleybolçuları cəmləyib. Biz də bunları nəzərə alaraq, qrupda autsayder olmamaq üçün heyətimizi gücləndirmişik. Komandamıza yeni gələnlər təcrübəlidirlər və inanıram ki, bu Çempionlar Liqasında köməyimizə gələcək. İlk qarşılaşmadan çox şey asılı olacaq. “Rabitə”yə qalib gəlməyə çalışacağıq. Klubumuzun prezidenti Yelizaveta Lipanın bizə böyük dəstəyinin cavabını qələbə ilə vermək istəyirik”.

Qeyd edək, “Dinamo Romprest” və “Rabitə” qarşılaşması bu gün saat 19:00-da start götürəcək.
0