Rəşad Yazıçıoğulları: Biz “Rabitə”dən çəkinmirik
29.11.2010 - 14:02
Rəşad Yazıçıoğulları: Biz “Rabitə”dən çəkinmirik
“Bu gün bizim üçün önəmli günlərdən biridir. Çünki Azərbaycan Super Liqasında uzun marafona başlayırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “İqtisadçı” voleybol klubunun baş məşqçisi Rəşad Yazıçıoğulları deyib.

Ölkə çempionatının ilk turunda son çempion “Rabitə” ilə qarşılaşacaq universitet komandası yarışa qələbə ilə başlamaq arzusundadır. Türkiyə yığmasının sabiq çalışdırıcısı Yazıçıoğulları bildirib ki, uduzmaq haqqında fikirləşmirlər: “Şükürlər olsun ki, zədəlilərimiz çempionat ərəfəsində sağalıblar. Artıq heç bir problemimiz qalmayıb. Dünya çempionatında iştirak edən voleybolçularımız da komandaya uyğunlaşıblar. Bunun üçün bizi “Rabitə” ilə oyunda yalnız qələbə qane edəcək. Rəqibdən çəkinmirik. Başa düşürəm, mənim kimi Dejan Brdjoviç də komandasını çempionatda debüt matçına çıxaracaq. Lakin bizim də hədəflərimiz var. “Rabitə” Super Liqanın son qalibi kimi psixoloji üstünlüyə malik olsa da, bu, bizi qorxutmur. “İqtisadçı”nı bütün matçlarda yalnız qələbə qane edir”.

Yazıçıoğullarının sözlərinə görə, komandası məğlub olarsa, bunu faciəyə çevirmək düzgün deyil: “Düzdür, bu çətin bir oyundur. Uduzsaq, bu heç də bizim üçün faciə olmayacaq. Çünki hələ gərgin oyunlar və final mərhələləri qarşıdadır. Çalışacağıq ki, baxımlı oyun nümayiş etdirək. Bu bizim əsas istəklərimizdən biridir”.

Qeyd edək ki, “İqtisadçı” və “Rabitə” komandaları bu gün saat 16:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində qarşılaşacaqlar.
0