Legionerlər yerlilərdən güclü oldu - STATİSTİKA
30.11.2010 - 13:01
Legionerlər yerlilərdən güclü oldu - STATİSTİKA
Qadınlar arasında Super Liqanın I turunda ən çox xal toplayan voleybolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turun bombardiri adına “Lokomotiv”in bolqarıstanlı legioneri Kremena Kamenova sahib olub.

Onun klubu “Şahdağ-Şirvan”a 2:3 hesabı ilə uduzsa da, 22 yaşlı voleybolçu komandasına 29 xal qazandırıb. Kamenovadan sonra daha bir “dəmiryolçu” – Kristin Riçards fərqlənib. O, Adnan Kistakın yetirmələri ilə oyunda rəqibindən 26 xal almağı bacarıb.

Turun ən məhsuldar görüşündə növbəti pillələrdə “Şahdağ-Şirvan”ın üzvləri yer alıblar. Odina Əliyeva və Tanya Sabkovanın 20 dəqiq zərbə vurduğu qarşılaşmada, komanda yoldaşı gənc Aynur Kərimova 18 xalı öz adına yazdırıb.

“Şahdağ-Şirvan” - “Lokomotiv” görüşündən fərqli, cəmi 3 set oynanılan “İqtisadçı” – “Rabitə” və “Bakı” – “Azərreyl” matçının ən güclüsü isə Azərbaycan çempionunun serbiyalı voleybolçusu Nataşa Krsmanoviç olub. O, Super Liqanın bürünc mükafatçısını 17 dəfə səhv oynamağa məcbur edib.

Bundan əlavə, “Azərreyl”də Polina Rəhimova (16 xal), “Bakı”da Alvarez (12 xal), “İqtisadçı”da isə Tayibu Xaneef-Park (11 xal) fərqləniblər.

Qeyd edək ki, milli komandamızın əsas üzvlərindən Natalya Məmmədova (“Rabitə”) 12, Polina Rəhimova (“Azərreyl”) 16 xal, Kseniya Kovalenko 8, Yelena Parxomenko (hər ikisi “Lokomotiv”) 12 xala sahib olublar. Yığmamızın digər üzvləri Lidiya Emet (Maksimenko, “Bakı”) III hissədə və Oksana Məmmədyarova (“Lokomotiv”) son 3 setdə əvəzetmələrlə meydanda olsalar da, xal qazana bilməyiblər.
0