“Onların yoxluğu komandamız üçün böyük itkidir” - FOTO
02.12.2010 - 11:48
“Onların yoxluğu komandamız üçün böyük itkidir” - FOTO
“Yarışa yüksək səviyyədə hazırlaşmışıq. Hazırlıqla əlaqədar oktyabrın axırında Çexiyada, noyabrın sonlarında isə Ukraynada təşkil edilən beynəlxalq turnirə qatılaraq, özümüzü bir daha sınadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəfiqə Şabanova deyib.

Sabah dünya çempionatının seçmə mərhələsi start götürəcək. Komandamız növbəti mərhələyə yüksəlmək üçün II qrupda Yunanıstan, İsveçrə və Makedoniya yığmaları ilə qüvvəsini sınayacaq. Şabanova bildirib ki, beynəlxalq turnirdə iştirak edən həndbolçularımız oyunlara hazırdır və son yoxlama görüşündə qələbə onları ruhlandırıb: “Ukraynada təşkil edilən turnir bizə daha çox şey verdi. Düzdü, ev sahiblərinə və Belarus yığmasına uduzub, Latviya millisini məğlub etdik. Bu oyundan sonra uşaqlarda özlərinə inam bir qədər də artdı. İndi Yunanıstanda uğurlu çıxış edib, qalib gəlmək istəyirik”.

Olimpiya çempionumuzun sözlərinə görə, rəqiblər barəsində ətraflı məlumat toplaya bilməyiblər. Bu azmış kimi, milli komandamız Yunanıstanın Drama şəhərində keçiriləcək qrup mərhələsində tam heyətlə çıxış edə bilməyəcək: “Çox təəssüflənirəm ki, iki əsas oyunçumuz - Yelena Qratsova və Səbinə Babayeva zədəli olduğu üçün bizimlə səfərə gedə bilmir. Onların yoxluğu komandamız üçün böyük itkidir. Rəqiblərimizə gəlincə, bu komandaların heç biri ilə qarşılaşmamışıq. Çox istədik ki, onların heç olmasa, 1-2 oyunlarına baxaq. Ancaq heç nə əldə edə bilmədik. Eşitdiyimə görə, Makedoniyanın güclü heyəti var, Yunanıstan isə ev sahibidir. Ona görə də kimin favorit olmasını dəqiq söyləmək çətindir”.

Qeyd edək ki, yığmamız səfərə üçü qapıçı olmaqla, 15 oyunçu ilə yollanıb. Rəfiqə Şabanova Drama şəhərində Valentina Solomaxa, Səbinə Nuriyeva, Anna Cəfərova, Rumiyyə Xametova, Səkinə Abbasova, Anna Həmidova, Marina Tankatskaya, Yulya Deryabina, Peqe Yekaterina, Olya Poqonina, Yulya Lukyanenko, Nailə Çikayeva, İranə Qasımova, Yana Qornyak və Alyona Şulindinanın xidmətindən yararlanacaq.
0