“Rabitə” 5 illik sindromu qırdı - YENİLƏNİB
02.12.2010 - 18:49
“Rabitə” 5 illik sindromu qırdı - YENİLƏNİB
Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan çempionu “Rabitə” İtaliyanın “Skavolini” klubunu qəbul edib.

Oyun gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçsə də, paytaxt klubu sensasiya imkan verməyib. Belə ki, ilk 2 hissədə qələbə qazanan “Rabitə” 3 setdə çətin vəziyyətə düşüb. Müdafiədə inamsız oyun qonaqların fərqi minimuma endirməsi ilə nəticələnib. Lakin IV setdə öz oyununu tapan voleybolçularımız sonda “Skavolini”yə 3:1 hesabı ilə qalib gəliblər.

“Rabitə” bu qələbə sayəsində İtaliya klubları ilə 5 illik sindromu da qırıb. Sonuncu dəfə 2005-ci il oktyabrın 25-də Apennin təmsilçilərini məğlub edən Azərbaycan klubları 8 qarşılaşmadan sonra yenidən qalib gəlməyi bacarıblar. Super Liqanın ən güclüsü bununla həmçinin, analoji yarışın 2006/2007-ci illər mövsümündə “Skavolini”yə hər 2 görüşdə uduzan “Azərreyl”in revanşını da alıb.

Qeyd edək ki, 2 turdan sonra aktivində 6 xalı olan “Rabitə” qrup liderinə çevrilib. İkinci yerdə 3 xal toplayan “Aluprof” qərarlaşıb. Son pillələrdə olan “Skavolini”nin 2, “Dinamo-Romprest”in isə 1 xalı var.

“Rabitə” (Azərbaycan) – “Skavolini” (İtaliya) - 3:1 (25:19, 25:23, 23:25, 25:21)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi.
Hakimlər: Mətin Ersin Altıbarmak (Türkiyə), Eugen Kulhanek (Austriya).
I set
Hissənin əvvəli kəşfiyyat xarakteri daşısa da, ilk texniki fasilədən sonra hər 2 klub açıq oyuna üstünlük verib. Setboyu hesabda öndə olan voleybolçularımız sonda 6 top fərqi ilə qələbə qazanıblar.
II set
Birinci hissədə təşəbbüsə yiyələnən “rabitəçilər” gözəl oyunlarını setin əvvəlində davam etdirsələr də, sonradan üstünlük italiyalıların tərəfinə keçib. Rəqib baş məşqçi Paolo Tofolinin texniki taym-aut götürməsi oyunun axarını dəyişib. Voleybolçularımız 5:0 hesabı ilə irəlidə olsalar da, çalışdırıcının taktiki gedişləri “Skavolini”nin hesabda önə keçməsi ilə nəticələnib – 8:7. Lakin bundan nəticə çıxaran Azərbaycan çempionu rəqibin sona kimi uğura yiyələnməsinə imkan verməyib və bu hissəni də öz aktivinə yazıb.
III set
Hissəyə 0:2 hesabı ilə geridə olan qonaqlar fəal başlayıblar. “Quru hesabla” uduzmaq istəməyən rəqib çətinliklə də olsa, fərqi minimuma endirməyi bacarıb. Onların qələbə qazanmasında isə “Rabitə”nin müdafiə xəttinin səhvlərə yol verməsi böyük rol oynayıb.
IV set
Qələbədən ruhlanan italiyalı voleybolçular oyunu tay-brekə qədər uzatmaq istəsələr də, Dejan Brdjoviçin yetirmələri buna imkan verməyiblər. İlk texniki fasiləyə 3:8 hesabı ilə geridə yollanan voleybolçularımız matçın axarını dəyişməyi bacarıblar. Artıq müdafiədə inamlı oynayan “Rabitə” rəqibin hücumlarının qarşısını səhvsiz alıb. Bunun nəticəsində gözəl əks-hücumlar quran Azərbaycan çempionu bu hissəni aktivinə yazaraq, görüşün hesabını müəyyənləşdirib – 3:1.

0