“Türkiyəni Azərbaycan yığmasından bir addım öndə görürəm”
04.12.2010 - 13:00
“Türkiyəni Azərbaycan yığmasından bir addım öndə görürəm”
“Türkiyə və Azərbaycan yığmaları çox çətin qrupa düşüblər. Ev sahibi İtaliya ilə oyunlar çox ağır olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşad Yazıçıoğulları deyib.

Avropa çempionatının final mərhələsində qadın voleybolçulardan ibarət Azərbaycan yığması B qrupunda İtaliya, Türkiyə və Xorvatiya ilə mübarizə aparacaq. Yazıçıoğulları bildirib ki, qrupun favoriti İtaliyadır: “Fikrimcə, qitə çempionatına Serbiya ilə birlikdə ev sahibliyi edən italiyalılar qrupun favoritləridir. Onlar çox güclüdürlər. Qrupda ciddi sensasiya gözləmirəm. Çünki növbəti mərhələyə vəsiqə üçün ilk “üçlük”də İtaliya, Türkiyə və Azərbaycanın yer almasını proqnozlaşdırıram. Amma Xorvatiya milli komandası da sürpriz edə bilər. Görüşlərdə xalla bərabər hər set belə mühüm əhəmiyyət kəsb edəcək”.

“Ay-ulduzlular”ın sabiq baş məşqçisi qrup mərhələsinin ilk qarşılaşmasında Türkiyə - Azərbaycan görüşünə də münasibət bildirib: “Çox çətin matç olacaq. Hər 2 komanda oturuşmuş heyətə malikdir. Əla oyun nümayiş etdirirlər və güclü hücumçulara malikdirlər. Bunun üçün hansı daha yaxşı komanda oyunu nümayiş etdirsə, o da qalib gələcək. Amma qrupda Türkiyəni dünya çempionatında göstərdiyi uğura görə Azərbaycandan bir addım öndə görürəm. Fikrimcə, Türkiyə və İtaliya qrupda deyil, çempionatda 4 favoritdən 2-sidir. Azərbaycan isə ilk “altılıq”da yer ala biləcək gücdədir”.
0