Yubiley qələbəsi
09.12.2010 - 19:10
Yubiley qələbəsi
“Azərreyl” voleybol klubu bu gün “Çelenc Cup” turnirində növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin rəhbərlik etdiyi komanda II təsnifat mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi “Markopoulo” ilə qarşılaşıb.

“Sərhədçi” Olimpiya Mərkəzində keçirilən oyun “Azərreyl” voleybolçularının qələbəsi ilə yekunlaşıb. Belə ki, ilk setdən təşəbbüsə yiyələnən “dəmiryolçular” bunu sonacan əldən verməyiblər. Nəticədə rəqibinə 3:0 hesabı ilə qalib gələn paytaxt klubu komandanın yubiley – 150-ci setini də qazanıb.

Qeyd edək ki, “Markopoulo” - “Azərreyl” arasında cavab qarşılaşması dekabrın 15-də olacaq.

“Azərreyl” - “Markopoulo” - 3:0 - (25:20, 25:11, 25:14)
Hakimlər: Markus Kapp (Estoniya), Toşo Stoyanov (Bolqarıstan).
“Sərhədçi” Olimpiya Mərkəzi.

I set
Oyunun ilk dəqiqələri voleybolçularımızın üstünlüyü ilə keçsə də, rəqib tezliklə oyununda dönüş yaradıb. Onlar “Azərreyl”in üzvlərinin bir-birini yaxşı başa düşməməsindən istifadə edərək, hesabda önə keçməyi də bacarıblar – 6:5. Lakin ilk texniki fasilədə baş məşqçi Vüqar Əliyevin məsləhətlərindən sonra özünə gələn paytaxt klubu təşəbbüsə yiyələnib. Bunun nəticəsi olaraq, komandamız seti aktivinə yazmaqda çətinlik çəkməyib.

II set
İlk hissədə qələbədən ruhlanan “Azərreyl” rəqibinə heç bir aman verməyib. Setboyu hesabda irəlidə olan voleybolçularımız qonaqlara çətin anlar yaşadıblar. Adi vəziyyətlərdə topu qəbul edə bilməyən yunanlar sonda 11:25 hesablı məğlubiyyətlə barışıblar.

III set
“Markopoulo” qarşılaşmada dönüş yaratmaq istəsə də, “Azərreyl” buna imkan verməyib. I texniki fasilədən sonra daha gözəl oyun nümayiş etdirən voleybolçularımız 25:14 hesabı ilə qalib gələrək, oyunun nəticəsini müəyyənləşdiriblər – 3:0. Bu hissədə qələbə həmçinin, paytaxt klubunun Avropa kuboklarında qazandığı 150-ci set kimi tarixə düşüb.
0