Rəşad Yazıçıoğullarının istefasının səbəbi açıqlandı
20.12.2010 - 11:16
Rəşad Yazıçıoğullarının istefasının səbəbi açıqlandı
“Baş məşqçimiz Rəşad Yazıçıoğulları komandadan öz istəyi ilə ayrılıb. Onunla aramızda heç bir söz-söhbət və ya anlaşılmazlıq olmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “İqtisadçı” voleybol klubunun vitse-prezidenti Seymur Orucov deyib.

Azərbaycan Super Liqasının IV turundan öncə Rəşad Yazıçıoğulları universitet komandasının baş məşqçisi postundan ayrılıb. Orucov bildirib ki, türkiyəli mütəxəssis ayrılmaq istəyini səhhətindəki problemlə əlaqələndirib: “Bizim onunla 1 illik müqaviləmiz var idi. Lakin IV turdan öncə Yazıçıoğulları klubdan getmək istədiyini dedi. Səbəb kimi səhhətində problem olmasını göstərdi. Düzdür, biz də onun son zamanlar qan təzyiqindən əziyyət çəkdiyini müşahidə edirdik. Bunun üçün də qərarını müsbət qarşıladıq və halallıqla da ayrıldıq”.

Qeyd edək ki, iyunda “İqtisadçı”nın sükanı arxasına keçən Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşad Yazıçıoğulları paytaxt klubunu 8 rəsmi matça çıxarıb və bu görüşlərdən 7-də qələbə qazanıb.
0