Çempionlar Liqasının finalçısı Bakıya gəlir - EKSKLÜZİV
21.12.2010 - 11:43
Çempionlar Liqasının finalçısı Bakıya gəlir - EKSKLÜZİV
Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı” voleybol klubunun baş məşqçi postuna namizədlərdən biri - Jan de Brandt Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, belçikalı mütəxəssisin sabah paytaxtımızda olacağı gözlənilir.

Brandt Bakıda klub rəhbərliyinin təklifi ilə yerindəcə tanış olacaq və öz şərtlərini irəli sürəcək.

Belçika yığmasında, İspaniyanın “Tenerife” və Türkiyənin “Fənərbaxça” klublarında baş məşqçi işləyən Brandtin əsas uğurları “sarı-lacivərdli” komandanı çalışdırdığı vaxta təsadüf edib. Belə ki, 2009-cu ildə CEV kubokunu İstanbul komandasına qazandıran belçikalı mütəxəssis 1 il sonra “Fənərbaxça”nı Çempionlar Liqasının finalına çıxarıb.

Bundan əlavə, Brandt “sarı bülbüllərlə” 2 dəfə Türkiyə çempionu və 1 dəfə Super kuboka yiyələnib. 2008-2009-cu illərdə isə həmyerlilərimiz Valeriya Korotenko, Oksana Parxomenko və Nisə Quliyeva onun rəhbərliyi altında çıxış ediblər.

“İqtisadçı”nın baş məşqçi postuna əsas namizəd – xorvatiyalı Miroslav Aksentijeviçin də bu günlərdə Azərbaycana gəlişi gözlənilir.

Xatırladaq ki, “İqtisadçı”nın baş məşqçisi Rəşad Yazıçıoğulları az öncə istefa verib.
0