“Mən komandadan, komanda da məndən razıdır”
29.12.2010 - 12:37
“Mən komandadan, komanda da məndən razıdır”
“Bu il komandamıza mənimlə birlikdə 9 yeni voleybolçu transfer edilib. Ötən mövsümdən klubda yalnız Valeriya Korotenko və Polina Rəhimova qalıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Azərreyl” klubunun kapitanı Natalya Hanıkoğlu deyib.

9 il “ay-ulduzlu” formanı geyinən Hanıkoğlu Türkiyə mətbuatına müsahibə verib. O, həmkarlarımıza Azərbaycanda özünü çox xoşbəxt hesab etdiyini bildirib: “Mən komandadan, komanda da məndən razıdır. Azərbaycanda özümü çox gözəl hiss edirəm və yaxşı formada olduğumu düşünürəm. Heç bir problemim yoxdur. Ara-sıra xırda zədələr istisna olmaqla, hər şey qaydasındadır”.

“Bebi” ləqəbli voleybolçu “Azərreyl”in Super Liqada və “Çelenc Cup”da hazırkı durumunu da dəyərləndirib: “Azərbaycan çempionatı bu il çox güclüdür. Super Liqada 6 komanda olmasına baxmayaraq, 4-5 komanda bir-birini məğlub etmək gücündədir. Burada dünyanın aparıcı legionerləri cəmləşiblər. 4 komanda Avropa kuboklarında oynayır və hər biri güclü voleybolçulara malikdirlər. “Azərreyl”in isə bu il hədəfləri çox böyükdür. Bütün voleybolçular əlimizdən gələni edirik. Hədəfimiz yalnız mübarizə apardığımız yarışlarda çempion olmaqdır. Super Liqada və “Çelenc Cup”da ən güclü olmaq istəyirik. Düzdür, çempionatda 1 oyunda “Rabitə”yə 2:3 hesabı ilə uduzmuşuq. Amma marafon yeni başlayıb. Fasiləyə çempionatın ikincisi kimi yollanmışıq. Növbəti oyunlarda daha inamlı çıxış edib, ilk pilləyə yüksəlməyi planlaşdırırıq. “Çelenc Cup”da 2 mərhələni geridə qoymuşuq. Yanvarın 5-də isə 1/16 final mərhələsində Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacağıq. Bu rəqibi də keçəcəyimizə inanıram. Fikrimcə, uğurumuzu davam etdirəcəyik”.

Qeyd edək ki, Hanıkoğlu “Azərreyl”ə Türkiyənin “Əczaçıbaşı” klubundan transfer olunub.
0