Yığmamızın 2 üzvü İran klubunda oynamaqdan imtina etdi
30.12.2010 - 12:26
Yığmamızın 2 üzvü İran klubunda oynamaqdan imtina etdi
Azərbaycan yığmasının həndbolçuları Üzeyir Səlimovla Sabir Nəzərəliyev İran klublarından aldığı təkliflərdən imtina ediblər. Bu barədə apasport.az saytına məlumatı milli komandamızın baş məşqçisi Hikmət Abdullayev verib.

Təcrübəli mütəxəssis idmançıların qonşu ölkəyə yollanmamasının səbəbini İran Super Liqasının qısa bir vaxtda keçirilməsi ilə əlaqələndirib: “Yığmamızın üzvləri legioner həyatı yaşamaq istəyirdilər. Lakin İrandan gələn təklif sərf etmədi. Çünki orada Super Liqa yanvarda başlayacaq və martda yekunlaşacaq. Cəmi 3 aylıq müqavilə isə həndbolçularımızın sonra işsiz qalması ilə nəticələnə bilərdi. Hazırda onlar Bakıda məşq edə-edə, digər sahələrdə işləyirlər. Onlar tək yığmada təxminən aya 700 dollar alırlar və bilirlər ki, bu ilboyu davam edir. Amma İran klubları həndbolçularımıza cəmi 1000-1200 dollar təklif etdi. Üzeyir Səlimovla Sabir Nəzərəliyev bunu qəbul edərək qonşu ölkəyə yollanacaqları halda digər sahələrdə fəaliyyətlərinə son qoymalı idilər və 3 ay sonra Bakıya qayıtdıqda işsiz qala bilərdilər”.
0