Paolo Tofoli: “Rabitə” bizə imkan vermədi
07.01.2011 - 10:57
Paolo Tofoli: “Rabitə” bizə imkan vermədi
“Oyun çox ağır keçdi. Nəticənin belə alınmasında Yeni ilin də xüsusi rolu oldu. Çünki voleybolçularımıza müəyyən müddət istirahət verdik və görüşə əvvəlki kimi hazırlaşa bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Skavolini” komandasının baş məşqçisi Paolo Tofoli deyib.

Tofoli Çempionlar Liqasının V turunda Azərbaycan Super Liqasının qalibi “Rabitə”ni 3:2 hesabı ilə məğlub etdikləri oyundan razı qalmayıb. İtaliyalı mütəxəssisin sözlərinə görə, Dejan Brdjoviçin yetirmələrinə 2 set “vermələri” ilə qrup lideri olmaq şansının üstündən özləri xətt çəkiblər: “Biz oyuna düzgün başlamadıq. Lakin sonradan çətinliklə də olsa, təşəbbüsə yiyələnə bildik. Matçda dönüş yaratdığımız üçün mən çox xoşbəxtəm. Qızlar ikinci setdə rəqibin taktikasına düzgün reaksiya verdilər. Sübut etdilər ki, qalib gəlmək istəyirlər. Halbuki, biz qrupda I pilləyə də yüksələ bilərdik. Lakin rəqibin 1 xal qazanması buna mane oldu. Bu azmış kimi, son turda Polşaya səfər edəcəyik. Burada isə bizimlə yanaşı, “Aluprof”un da növbəti mərhələyə çıxmaq şansı var. Düzdür, biz bu oyunda qələbə qazanacağımıza inanırıq. Lakin burada son matçda sahib olacağımız xal bizə lider olmağa imkan verməyəcək. Fikrimcə, “Rabitə” son turda qarşılaşacağı Rumıniyanın “Dinamo-Romprest” klubunu asanlıqla məğlub edərək liderliyini qoruyacaq”.

Qeyd edək ki, “Skavolini” son turda “Aluprof”a 3:0 və ya 3:1 hesabı ilə uduzarsa, pley-off mərhələsinə çıxa bilməyəcək.
0