Dejan Brdjoviç: Lazım olan nəticə qazandıq
07.01.2011 - 11:25
Dejan Brdjoviç: Lazım olan nəticə qazandıq
“Qarşılaşmanın belə çətin keçəcəyini gözləyirdik. Məğlub olmağımıza baxmayaraq, yetirmələrimdən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan çempionu “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviçə məxsusdur.

Çempionlar Liqasının V turunda İtaliyada “Skavolini”yə 2:3 hesabı ilə uduzan Bakı komandası qrupda liderliyini qoruyub. Onlar bununla pley-off mərhələsinə də vəsiqə qazanıblar.

Brdjoviç bildirib ki, son matçda da qələbə qazanaraq növbəti mərhələyə qrup lideri kimi yüksəlmək fikrindədirlər: “Turnir cədvəlində mövqeyimizi qoruduğum üçün çox şadam. İtaliyalılarla çətin matçda 2 set qazanmağımız birinci olmağımız üçün kifayət etdi. Son turda Rumıniyanın “Dinamo-Romprest” klubunu qəbul edəcəyik. Bu matçda da qələbə qazanaraq pley-offa qrup 1-cisi kimi yollanmaq istəyirik. Mən rəqibə də ən xoş arzularımı çatdırıram. Çünki mənim yaxın dostun Paolo Tofoli gözəl və döyüşkən komanda yarada bilib”.

Qeyd edək ki, “Rabitə” qrup mərhələsinin son oyununu yanvarın 11-də keçirəcək.
0