Azərbaycan millisinin təlim-məşq toplanışı təxirə salına bilər
08.01.2011 - 00:03
Azərbaycan millisinin təlim-məşq toplanışı təxirə salına bilər
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan çempionatının keçirilmə yeri ilə bağlı yenidən problem yaranıb. Bu barədə apasport.az saytına məlumatı yığma komandamızın türkiyəli meneceri Ləvənt Türknaz verib.

Zal problemi səbəbindən Azərbaycan millisinin yanvarda nəzərdə tutulan təlim-məşq toplanışı da təxirə salına bilər. Türknazın sözlərinə görə, hazırda danışıqlar getsə də, hələlik real variant yoxdur: “Çempionatın ilk 5 turunu Basketbol Federasiyasının zalında keçirdik. Amma II dövrəni orada oynaya bilməyəcəyik. Çünki burada istilik sistemi yoxdur. Ola bilsin ki, oyunlarımızı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirək. Bu da hələ dəqiq deyil. Bir neçə yerlə danışıqlar aparırıq. Zalımız olmadığından yığmanı bir araya toplamaq istəyimiz də hələ reallaşmır. Bu problemimiz həll olunduqdan sonra çempionata müəyyən vaxt qalarsa, təlim-məşq toplanışı baş tutacaq. Çünki biz Avropa çempionatının A divizionuna yüksəlməyi planlaşdırırıq. Avqustda başlayacaq II dövrənin oyunlarda uğur qazanmaq üçün ciddi hazırlaşırıq”.

Türknaz bildirib ki, çempionatı bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində keçirmək variantı mümkünsüzdür: “Biz bu variantı barədə söhbət etmişik. Lakin rayonlara gedib-gəlmək bir qədər çətindir. Çünki çempionatda mübarizə aparan klubların hamısı Bakıda cəmləşiblər. Komplekslərə yollanmaq üçün isə əlavə xərclərlə bərabər, yorğunluq da çətinlik yaradacaq. Amma yaxın 7-10 gündə zal problemini arxada qoyacağımız inanıram”.

Qeyd edək ki, Azərbaycan çempionatının II dövrəsinin yanvarın sonlarında start götürməsi planlaşdırılır.
0