“Rabitə” qrup qalibi oldu - YENİLƏNİB
11.01.2011 - 18:11
“Rabitə” qrup qalibi oldu - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycanı təmsil edən “Rabitə” qrup mərhələsinin son görüşündə Rumıniyanın “Dinamo-Romprest” klubunu qəbul edib.

İlk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən Dejan Brdjoviçin yetirmələri Bakıda da eyni uğuru təkrarlayıblar. “Dinamo-Romprest”ə “quru hesabla” qalib gələn voleybolçularımız “Aluprof” (Polşa) - “Skavolini” (İtaliya) matçının nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə qrup lideri kimi yüksəliblər.

Xatırladaq ki, “Rabitə” pley-off mərhələsinə vəsiqəni V turda təmin etmişdi.

“Rabitə” – “Dinamo-Romprest” - 3:0 (25:18, 25:16, 25:14)
Hakimlər: Viktor Markov (Rusiya), Bülənt Bozqurd (Türkiyə).
“Sərhədçi” Olimpiya Mərkəzi.

I set
Matç bərabər mübarizə şəraitində start götürsə də, “Rabitə” tezliklə üstünlüyə yiyələnib. “Sərhədçi” Olimpiya Mərkəzinə toplaşan azarkeşlərin alqış sədaları altında hücumda və blokda inamlı oyun nümayiş etdirən voleybolçularımız rəqibə çətin anlar yaşadıb. Bunun nəticəsi olaraq, Dejan Brdjoviçin yetirmələri ilk hissədə 7 top fərqi ilə qələbə qazanıblar.

II set
Bu hissə komandamız üçün daha asan keçib. Rəqibini bütün komponentlərdə üstələyən Bakı klubu gözəl oyunu ilə yadda qalıb. Voleybolçularımız meydanda sözün əsl mənasında şou göstərərək seti aktivlərinə yazmağa cəmi 21 dəqiqə sərf ediblər – 25:16.


III set
İlk 2 hissə ilə müqayisədə “Dinamo-Romprest” klubu setin əvvəlində “Rabitə”yə ciddi müqavimət göstərib. Lakin dəqiqələr ötdükcə voleybolçularımızın təcrübələri köməklərinə çatıb. Onlar bu dəfə taktikanı dəyişərək aldadıcı zərbələrə üstünlük veriblər ki, qonaqlar da bunun qarşısında aciz qalıblar.
Beləliklə, qrup mərhələsinin 6-cı görüşündə 4-cü qələbəsini qazanan “Rabitə” qrup mərhələsini I yerdə başa vurub.

Rabitə

6

4

2

521-458

16-7

14

Skavolini

5

4

1

453-407

13-7

10

Aluprof

5

3

2

481-471

11-11

8

Dinamo-Romprest

6

0

6

404-523

3-18

1

0