Vüqar Əliyev: Məğlubiyyətdən söhbət belə gedə bilməz
12.01.2011 - 12:54
Vüqar Əliyev: Məğlubiyyətdən söhbət belə gedə bilməz
“Bu gün yalnız qələbə qazanmağı planlaşdırırıq. Məğlubiyyətdən söhbət gedə bilməz. Çünki mən və yetirmələrim bu sözü ağlımızdan belə keçmirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Bu gün paytaxt komandası “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində ilk görüşünə çıxacaq. Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “Azərreyl” hər 2 görüşdə qələbə qazanmağı planlaşdırır. Əliyev bildirib ki, artıq yunanların zəif nöqtələrini müəyyənləşdiriblər: “Qarşılaşma çox çətin olacaq. Klublarımızla müqayisədə, ən güclü rəqiblə mübarizə aparacağıq. Amma rəqib haqqında ətraflı məlumat toplamağımız köməyimizə çatacaq. Onların CEV kubokunda Türkiyə “Qalatasaray”ına məğlub olduqları hər 2 görüşün video yazısına baxmışıq. Bunun üçün “Olimpiakos”a qarşı lazımı taktika hazırlamışıq və inanıram ki, matçı qazanacağıq. Düzdür, yunanlarla oyun öncəsi ciddi problemlə üzləşmişik. Komandamızın kapitanı Natalya Hanıkoğlu çiynindən, İliyana Petkova əlindən zədələnib. Elisangela Pereyra isə ciddi soyuqlayıb. Buna görə, əsas heyətin üzvü olan hər 3 voleybolçunu iynə ilə oynadacağıq. Tamaşaçıların da qələbəmizdə böyük pay sahib olacağına ümid edirəm”.

Qeyd edək ki, “Azərreyl” “Olimpiakos”la hər 2 görüşü Bakıda keçirəcək.
0