“Lokomotiv” birdən-birə 2 rekord vurdu
14.01.2011 - 14:28
“Lokomotiv” birdən-birə 2 rekord vurdu
Paytaxtın “Lokomotiv” voleybol klubu mövsüm üçün “Çelenc Cup”ın 1/16 final mərhələsinin 2 rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Avstriyanın “A Linz-Steg” komandasına hər 2 qarşılaşmada “quru hesabla” qalib gələn “dəmiryolçular” həm top fərqinə, həm də tamaşaçı sayına görə əlçatmaz olublar.

Belə ki, “Çelenc Cup”ın 1/16 final mərhələsinin yekununa əsasən açıqlanan siyahıda rəqibini ən böyük top fərqi ilə Draqutun Baltiçin yetirmələri məğlub ediblər. Onlar avstriyalılarla 2 qarşılaşmanın nəticəsinə görə “A Linz-Steg”dən 77 xal çox toplayıblar. Bundan əlavə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan “Lokomotiv” - “A Linz-Steg” matçını 2600 azarkeş izləyib ki, buna da Avropa kubokunda heç bir görüşdə rast gəlinməyib.

Qeyd edək ki, I təsnifat mərhələsində paytaxtın “İqtisadçı” komandası da tamaşaçı sayına görə bütün komandaları qabaqlamışdı. Həmin vaxt universitet klubunun Bosniya və Herseqovina “Kula”sı ilə oyununu 2000 azarkeş izləmişdi.
0