“Azərreyl” - “ölüm maşını”
01.02.2011 - 13:35
“Azərreyl” - “ölüm maşını”
Ukrayna mətbuatı “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinə biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız bu mərhələdə Odessanın “Ximik” komandasının “Azərreyl”lə duelinə geniş yer ayırıblar.

Onlar bu komandaların mübarizəsində Vüqar Əliyevin yetirmələrini favorit hesab edirlər: “Sayca üçüncü rəqib qarşısında həmyerlilərimiz nə edə bilərlər? Bu suala cavab vermək çox çətindir. Çünki qarşımıza mübaliğəsiz “ölüm maşını” çıxıb. Bakı “Azərreyl”i çox güclüdür. Onların heyətində çox təcrübəli voleybolçular yer alıblar. Bu komandanın şərəfini 9 ölkənin – Azərbaycan, Bolqarıstan, ABŞ, Braziliya, Tailand, Slovakiya, Türkiyə və Ukraynanın təmsilçiləri qoruyurlar. Onlardan isə yalnız Aleksandru Peretyatko bizə tanışdır. Ukraynalı olan bu xanımın çıxışını “Cinestr”də çox izləmişik”.

Həmkarlarımızın yazdıqlarına görə, “Azərreyl”lə “Ximik” arasında fərq çox böyükdür. Onlar hər 2 komandanın bu mövsüm oyunlarını analiz edərkən belə qənaətə gəliblər: “Rəqibimiz üçün avrokubokun yeni mövsümü oktyabrın 10-dan start götürüb və onlar hələ indiyə kimi məğlubiyyət nə olduğunu bilmirlər. Ən əsası isə odur ki, “Ximik”lə qarşılaşacaq “Azərreyl” bütün rəqiblərinə “quru hesabla” qalib gəlib. Bakı komandası Maltanın “PAOLA Hibs”, Yunanıstanın “Markopolo” və “Olimpiakos” komandaları ilə görüşdəki setləri də böyük top fərqi ilə qazanıblar. Odessa təmsilçisi isə “Azərreyl”dən fərqli, mübarizəyə II təsnifat mərhələsindən başlayıb. “Ximik” 1/8 finala kimi Belarusun “Kommunalnik” və Hollandiyanın “Veert” komandalarına yalnız “Qızıl set”də qalib gələ bilib. Bax budur, hər 2 klubun keçdiyi yol. Rəqibin isə nə dərəcədə qorxunc olduğunu isə bu gün görəcəyik”.
0