Əliyev “Ximik”ə təsəlli verdi
02.02.2011 - 10:11
Əliyev “Ximik”ə təsəlli verdi
“Mərhələ adladıqca zəif komandaların sayı azalır. 1/8 finalda isə onlar sadəcə yoxdur. Buna görə də biz “Ximik”lə qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Oyuna kimi Türkiyəyə gedib təlim-məşq toplanışı keçdik və bir neçə yoldaşlıq oyunu keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyevə məxsusdur.

“Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin ilk matçında Ukraynanın “Ximik”ini 3:0 hesabı ilə məğlub edən “dəmiryolçular”ın gənc çalışdırıcısı görüşə münasibət bildirib: “Ximik”lə oyuna hörmətlə yanaşdıq. Çünki onlar Ukrayna çempionatında 1-ci yerdə gedirlər və bunun üçün rəqiblə hesablaşmaq lazım idi. Bundan əlavə, hesab edirəm ki, Yujni şəhərindən olan debütant üçün 1/8 finala çıxmaq böyük nailiyyətdir. Hər təcrübəsiz komanda buna nail ola bilməz. Onların heyətində həmçinin heç əcnəbi də yoxdur. Axı bizim voleybolçularımızın çoxu müxtəlif ölkələri təmsil edən legionerlərdir. “Ximik”də də belə qızlar olsa idi, oyun tam başqa cür keçərdi”.

Bakıda keçiriləcək cavab matçında da qələbə qazanacaqlarını bildirən Əliyev “Ximik”ə təsəlli də verib: “Cavab oyunu ilə bağlı əvvəlcədən nəsə demək istəməzdim. Amma hesab edirəm ki, biz “Ximik”ə Bakıda da qalib gələcəyik. Buna görə də rəqibə arzu edirəm ki, növbəti mövsüm “Çelenc Cup”da daha da irəliləsinlər. Öz azarkeşlərini və məşqçisini qələbələrlə sevindirsinlər. Həmçinin, “Ximik”ə ölkə çempionatında uğurlu çıxış etməyi, özünü pley-offda göstərməyi və Ukrayna çempionu olmağı arzulayıram”.

Qeyd edək ki, “Azərreyl” – “Ximik” matçı fevralın 8-də baş tutacaq.
0