“İqtisadçı” Rumıniyadan qələbə ilə qayıdır - YENİLƏNİB
02.02.2011 - 20:19
“İqtisadçı” Rumıniyadan qələbə ilə qayıdır - YENİLƏNİB
Bakının “İqtisadçı” voleybol klubu bu gün “Çelenc Cup” turnirində 7-ci qarşılaşmasına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk 6 görüşdə quru hesabla qələbə qazanan universitet komandası 1/8 finalda Rumıniyada “Stiinta”nın qonağı olub.

Oyun Bakı klubu üçün pis başlayıb. İlk texniki fasiləyə 7 top geridə (1:8) yollanan “İqtisadçı” hissənin ortalarında özünə gəlib. Belçikalı mütəxəssis Jan De Brandtın məsləhətlərindən nəticə çıxaran voleybolçularımız yekunda çətinliklə də olsa, ilk seti aktivinə yazmağı bacarıb.

Növbəti hissə də gərgin mübarizə şəraitində keçib. Lakin “İqtisadçı” gözəl taktiki gediş sayəsində ev sahiblərinin müqavimətini qırıb. Hücumda və blokda daha dəqiq oynayan voleybolçularımız bu dəfə 2 top fərq ilə qalib gəliblər.

Ev sahiblərinin əvvəlki 2 hissə ilə müqayisədə III setdə yorğunluğu Jan De Brandtın yetirmələrinin işinə yarayıb. Onlar əsasən yerli voleybolçulardan təşkil olunan “Stiinta”nı məğlub etmək üçün elə də güc sərf etməyiblər. 25:17 hesabı ilə qələbə qazanan komandamız cavab oyunu öncəsi böyük üstünlük əldə edib.

Səfərdə rəqibinə 71 dəqiqəyə quru hesabla qalib gələn “İqtisadçı” rumınlarla II görüşünü fevralın 8-də Bakıda keçirəcək.

Qeyd edək ki, “Stiinta” CEV kubokunda mübarizə aparsa da, mərhələ keçə bilmədiyi üçün çıxışını “Çelenc Cup”da davam etdirir.

“STİİNTA” - “İQTİSADÇI” - 0:3 (22:25, 23:25, 17:25)
Hakimlər: Ljobomir Globaçik (Sloveniya), Tajana Kramar Sandl (Xorvatiya).
0