Solange Soares: Bakıdakı oyunda da müqavimət göstərəcəyik
02.02.2011 - 13:37
Solange Soares: Bakıdakı oyunda da müqavimət göstərəcəyik
“Mən Avropanın ən güclüsü kimi Fransanın “Kann” və İtaliyanın “Villa Korteze” komandalarını görürəm. Onların çempion olmaq şansları 50-nin 50-yədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun voleybolçusu Solange Soares deyib.

Bakının “Rabitə” voleybol komandası sabah Çempionlar Liqasının pley-off mərhələsində “Modranska”nın qonağı olacaq. İlk oyunda qələbə qazanmaq istəyən çexlərin slovakiyalı legioneri bildirib ki, evdə qələbəni əldən vermək fikrində deyillər: “Bu il yarışda çox güclü klublar mübarizə aparırlar. Ümumiyyətlə, 2 ildir Çempionlar Liqasında gərgin mübarizə gedir. Bunu biz də başa düşürük və “Rabitə” ilə oyuna lazımı səviyyədə hazırlaşmışıq. Hər bir komanda sürpriz etmək gücünə malikdir. Biz də növbəti mərhələyə çıxmağı planlaşdırırıq. Başa düşürəm, “Rabitə”də təcrübəli voleybolçular yer alıb. Lakin doğma divarlar arasında qələbə növbəti mərhələ üçün gözəl şans olacaq. Biz buna cəhd edəcəyik. Belə olan halda, ola bilsin uğur da gəlsin. Biz Bakıdakı oyunda da mümkün qədər müqavimət göstərmək arzusundayıq. Buna da hazırlaşırıq. Bəlkə də növbəti mərhələyə çıxa bildik. Qarşımızdakı isə “Kann” və ya “Villa Korteze” deyil”.

Qeyd edək ki, “Modranska” pley-offa qrup üçüncüsü kimi vəsiqə qazanıb.
0