Bakıda ukraynalılar üçün voleybol dərsi
08.02.2011 - 19:41
Bakıda ukraynalılar üçün voleybol dərsi
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə qüvvəsini sınayan “Azərreyl” Ukraynanın “Ximik” komandasını qəbul edib.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan oyun Vüqar Əliyevin yetirmələrinin asan qələbəsi ilə başa çatıb. Səfərdə 3:0 hesabı ilə rəqibini məğlub edən “Azərreyl” Bakıda da inamlı çıxışı ilə azarkeşlərini sevindirib.

Belə ki, ilk setdə 25:15 hesabı ilə qalib gələn voleybolçularımız formal xarakter daşıyan görüşün növbəti hissəsində də ukraynalı həmkarlarına dərs keçiblər – 25:14.

Dalbadal 2 setdə qələbə qazanan Vüqar Əliyevin yetirmələri III hissəni də aktivlərinə yazmaqda çətinlik çəkməyiblər. “Azərreyl” gənclərdən qurulmuş “Ximik”i bu dəfə 25:18 hesabı ilə məğlub edib. Nəticədə hər 2 matçda qələbə qazanan komandamız “İqtisadçı”dan sonra “Çelenc Cup”da 1/4 finala yüksələn ikinci Azərbaycan klubu olub.

Qeyd edək ki, “Azərreyl” növbəti mərhələdə “Kanti” (İsveçrə) və “SALO” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında cavab matçı fevralın 10-da keçiriləcək.

“Azərreyl” – “Ximik” - 3:0 (25:15, 25:14, 25:18)
Hakimlər: Şlomo Brutman (İsrail), İlhami Senyurt (Türkiyə)
“Sərhədçi” Olimpiya Mərkəzi
0