Çad Azərbaycan çempionuna sürpriz hazırlayıb
10.02.2011 - 12:22
Çad Azərbaycan çempionuna sürpriz hazırlayıb
“Biz Çempionlar Liqasında 3 güclü – Fransanın “Kann”, İtaliyanın “Villa Korteze” və Azərbaycanın “Rabitə” komandaları ilə qarşılaşmışıq. Sevindiricidir ki, hamısı üzərində qələbə qazanmışıq. Amma bakılıları ikinci dəfə də məğlub etmək fikrindəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun baş məşqçisi Miroslav Çad deyib.

Çad bu gün Çempionlar Liqasının I pley-off mərhələsinin cavab matçında qarşılaşacaqları “Rabitə”yə qalib gəlməyin yollarını göstərib: “Biz ilk oyunda Avropanın ən güclülərindən hesab edilən komanda üzərində dramatik qələbə qazandıq. Rəqibimizin möhtəşəm heyəti var. Ancaq cavab görüşündə də onlara qalib gələrək növbəti mərhələyə vəsiqə çıxmaq istəyirik. Bunun üçün komandamın 2 yolu var. Birincisi və ən sadəsi, Bakıda da “Rabitə”ni məğlub etmək. İkincisi – ardıcıl 3 set uduzub, əsas gücümüzü “Qızıl set” üçün qorumaq və burada qələbə qazanmaq. Amma əvvəlcədən “Qızıl set”ə ümid etmək çox təhlükəlidir. Necə olsa da, çalışmaq lazımdır ki, rəqiblə əvvəlcədən mübarizəyə girişəsən və onları əsas setlərdə məğlub edəsən. “Rabitə” güclü təzyiq altında oynayacaq. Çünki Çempionlar Liqasının ən varlı komandalarından biri autsayderə uduzub. İkinci məğlubiyyət isə keçmiş postsovet məkanını təmsil edən komanda üçün fiasko olacaq”.

Çad bildirib ki, cavab oyunda qələbəni yaddan çıxarıb öz oyunlarını nümayiş etdirəcəklər. Əks halda arxayınçılığın qurbanı da ola bilərlər: “Bizi çox çətin bir qarşılaşma gözləyir. Növbəti mərhələyə çıxmaq şanslarımız bərabərdir. İndidən heç kim deyə bilməz ki, cütün favoriti kimdir. Bunun üçün biz “Rabitə” ilə öz oyunumuzu oynayacağıq. Voleybolçularıma da demişəm ki, arxayınlaşmaq olmaz. Bundan rəqib öz xeyrinə istifadə edər. İnanıram ki, ilk matçdakı sevincimiz cavab görüşündə də davam edəcək”.
Qeyd edək ki, Çexiyada keçirilən ilk görüşdə “Modranska”ya 2:3 hesabı ilə uduzan “Rabitə” cavab matına saat 17:00-da çıxacaq.
0