Sanya Staroviç: İlk oyundan nəticə çıxarmışıq
10.02.2011 - 14:28
Sanya Staroviç: İlk oyundan nəticə çıxarmışıq
“Çempionlar Liqası ən nüfuzlu yarışdır. İlk dəfə iştirak etdiyimiz yarışda uğurumuzu davam etdirmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Rabitə” voleybol klubunun serbiyalı legioneri Sanya Staroviçə məxsusdur.

2008-ci ilin noyabrından “Rabitə”nin şərəfini qoruyan 28 yaşlı voleybolçu bakılıların heyətində “Çelenc Cup”da və CEV kubokunda iştirak edib və sonuncu yarışın bürünc mükafatçısı olub. Staroviç bu uğuru Çempionlar Liqasında da davam etdirmək arzusundadır. O bildirib ki, bu gün Bakıda keçiriləcək qitənin ən mötəbər turnirinin pley-off mərhələsinin cavab görüşündə Çexiyanın “Modranska” komandasını məğlub etmək üçün bütün güclərini səfərbər edəcəklər: “Biz qrup mərhələsini I yerdə başa vurduq və indi Çexiya təmsilçi ilə oynayırıq. Bu gün səfərdəki məğlubiyyətin əvəzini çıxmağa və “Qızıl set”də qalıb gəlməyə çalışacağıq. İlk oyundan nəticə çıxarmışıq. Onlara qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Staroviç, həmçinin Azərbaycan çempionatı ilə bağlı fikirlərini də açıqlayıb. Serbiyalı legionerin sözlərinə görə, onlar bu yarışın da qalibi olmaq gücündədirlər: “Mən 3-cü ildir Azərbaycandayam. Super Liqa get-gedə möhkəmlənir. Klublar indi əvvəlkinə nisbətən daha rəqabətə davamlı olublar və çox gücləniblər. Hər bir komanda digərinə qalib gəlməyə gücü çatır. Komandaların hamısı yaxşı kollektiv formalaşdırıb. Bizim komandaya gəldikdə, biz güclü olaraq qalmışıq. Hazırda çempionatda I yerdə gedirik və inanıram ki, liderliyimizi sona kimi qoruyacağıq”.
0