“Şirvan” legionerlərini qovdu!
18.02.2011 - 13:22
“Şirvan” legionerlərini qovdu!
“Şirvan” voleybol klubu heyətində çıxış edən bütün əcnəbilərlə vidalaşıb. Bu barədə apasport.az saytına məlumatı komandanın baş məşqçisi Adnan Kistak verib.

Türkiyəli mütəxəssisin sözlərinə görə, belə addım atmalarında əsas məqsəd gənc voleybolçuları yetişdirməkdir: “Artıq heyətimizdəki legionerlərin hamısı ilə yollarımızı ayırmışıq. Super Liqada lazımı oyunu nümayiş etdirə bilmirik. Amma bu, daha düzgün addımdır. Çünki heyətimizdə yalnız azərbaycanlı qızlar yer alıblar ki, bunlar da rəqiblərlə oyunda təcrübə toplayırlar. Azərbaycan üçün gələcəyin komandasını yetişdiririk. Yavaş-yavaş hər şey qaydasına düşəcək. Bizim gənclər yığmamızı da qarşıda mötəbər yarışlar gözləyir. Apreldə təlim-məşq toplanışı nəzərdə tutmuşuq. Fikrimcə, Azərbaycan milli komandası növbəti yarışlarda özünü göstərəcək. Mən 2 ildir buradayam və əsas məqsədim də gənc voleybolçuları yetişdirməkdir. Bu işin faydası isə tezliklə görünəcək”.

9 turdan sonra cəmi 1 qələbə qazanan və turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Şirvan” üçün Super Liqa ciddi əhəmiyyət daşımır. Kistak bildirib ki, çempionatda hər bir görüş onun yetirmələri üçün sınaqdır: “Düzdür, ilk tura uğurla başladıq. Lakin bunun davamı gəlmədi. Çünki bizim əsas məqsədimiz pley-offa yüksəlmək və ya medal qazanmaq deyil. Yetirmələrimin təcrübə qazanmaları bizim üçün kifayətdir”.

Qeyd edək ki, “Şirvan”ın heyətində 6 legioner - Simona İvanova, Tanya Sabkova (hər ikisi Bolqarıstan), Paulina Qarjevska (Polşa), Karla Bradstok (Kanada) və Jordana Pric (ABŞ) çıxış edirdi. Onlardan 5 nəfəri “Bakı”ya keçdiyi halda, yalnız kanadalı Bradstok vətəninə qayıdıb.
0