“Belə biganə münasibətə görə, əsəblərimiz gərilib”
21.02.2011 - 11:42
“Belə biganə münasibətə görə, əsəblərimiz gərilib”
“Biz də istəyirik ki, bazamız olsun. Azərbaycanda idmanın bu növü populyarlaşsın və inkişaf etsin”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmov deyib.

O bildirib ki, ölkəmizdə basketbolla məşğul olmaq üçün lazımı şərait yoxdur. Çempionat oyunlarının federasiyanın zalında keçirildiyini xatırladan federasiya rəsmisi yeni kompleks inşa etdirməyi planlaşdırdıqlarını deyib: “Yeni kompleks tikməyi və buranı yığmanın bazasına çevirməyi planlaşdırırıq. Lakin yer üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsək də, hələlik məktubumuza cavab verilməyib. Belə biganə münasibətə görə, əsəblərimiz gərilib. Basketbol Olimpiya idman növüdür. Bunun inkişafı üçün lazımı şərait olmalıdır. Ölkəmizdə bütün idman növləri yüksəlişdədir. Biz də istəyirik ki, bazamız olsun və burada yığmanın məşqi üçün şərait yaradaq. Çünki biz çempionat oyunlarını belə adı zalda keçirik. Əgər müraciətimiz müsbət cavablanarsa, tezliklə kompleksin inşasına başlayacağıq. Təməlqoyma mərasiminə beynəlxalq və Avropa basketbol federasiyalarının da rəhbərlərini dəvət etməyi planlaşdırırıq”.

Qeyd edək ki, zal problemi səbəbindən milli komandamızın yanvarda nəzərdə tutulan təlim-məşq toplanışı təxirə düşmüşdü.
0