Dejan Brdjoviç: Üstünlük rəqibdədir
22.02.2011 - 00:06
Dejan Brdjoviç: Üstünlük rəqibdədir
“Məqsədimiz maksimum irəliləməkdir. Bu səbəbdən ilk növbədə qarşıdakı oyun haqda düşünürük”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Serbiyalı mütəxəssis bildirib ki, komandası fevralın 24-də Polşanın “Bank BPS Fakro” klubu ilə keçiriləcək oyuna tam hazırdır: “Qızlar növbəti matça yaxşı hazırlaşıblar. Səfərdə keçiriləcək ilk qarşılaşmada qələbə qazanmaq istəyirik. Düzdür, rəqib doğma divarlar arasında oynayacağından, üstünlük onlar tərəfdə olacaq. Amma biz polşalıların oyununu analiz etmişik. Onlar qrup mərhələsində rəqibimiz olan digər həmyerliləri – “Aluprof”dan güclüdürlər. Çempionat matçında rəqiblərini məğlub etməyi bacarıblar. Lakin biz bu dueldən də qalib ayrılmaq istəyirik. Bu məqsədlə Polşaya qarşılaşmada 3 gün öncə yollanacağıq ki, adaptasiya olunmaqda çətinlik çəkməyək”.

“Rabitə” II pley-off mərhələsində “Bank BPS Fakro”nu keçəcəyi halda, “Dördlər finalı”nda yenidən İtaliyanın “Skavolini” klubu ilə qarşılaşa bilər. Bunun üçün Natəvan Qasımovanın da şərəfini qoruduğu Pisaro təmsilçisi İsveçrənin “Volero” komandasını mübarizədən kənarlaşdırmalıdır.

Brdjoviçin sözlərinə görə, bu duel yenidən baş tutsa belə, hələ həmin oyun barədə proqnoz vermək tezdir: “Düzdür, yenidən yarımfinalda qarşılaşa bilərik. Lakin mən hələ bu matç barədə fikirləşmirəm. Çünki addım-addım irəliləyirik. Bununla bağlı “Dördlər finalı”na yüksəldikdən sonra fikir yürütmək olar. Çünki hər 2 komandanı ciddi sınaq gözləyir. Əsas odur ki, yarımfinala vəsiqə qazanaq və bundan sonra oyun barədə düşünmək olar. Bizim isə əsas hədəfimiz hər oyuna qələbə üçün çıxmaqdır”.

Qeyd edək ki, “Skavolini” qrup mərhələsində “Rabitə” ilə eyni qrupda yer almışdı. Dejan Brdjoviçin yetirmələri rəqiblərini Bakıda məğlub etsələr də, səfərdə məğlubiyyətlə üzləşmişdilər. Buna baxmayaraq, “Rabitə” qrup mərhələsini I pillədə başa vurmuşdu.
0