Almanlara qarşı ikinci duel
21.02.2011 - 16:14
Almanlara qarşı ikinci duel
Sabah qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/4 final mərhələsinin ilk matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Bakı klublarında mübarizəyə öncə “Lokomotiv” qoşulacaq.

“Azərreyl” və “İqtisadçı”dan fərqli, “dəmiryolçular” ilk oyununa fevralın 22-də çıxacaqlar. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq oyunda rəqib Almaniyanın “Şviriner” komandası olacaq. Bu mövsüm “Çelenc Cup”da Bakıda keçirdiyi bütün oyunlarda qələbə qazanan Draqutin Baltiçin yetirmələrinin bu uğurlu seriyanı davam etdirəcəyini gözləmək olar.

Lakin rəqib də zəif deyil. Almanlar bu mərhələyə kimi keçirdikləri oyunların heç birində uduzmayıblar. Düzdür, onların 1/16 final mərhələsində rəqibi olmadığından növbəti mərhələyə mübarizəsiz keçiblər. Buna baxmayaraq, “Çelenc Cup”da 4 matçda meydana çıxan almanlar cəmi 1 setdə uduzublar.

Amma bu mərhələnin favoriti “Lokomotiv”dir desək, yanılmarıq. Çünki Azərbaycan klubları indiyə kimi almanlarla 2 görüşdə üz-üzə gəlib ki, həmin dueldə voleybolçularımız qalib ayrılıb.

“Çelenc Cup” turnirinin 2008/2009-cu illər mövsümünün 1/8 finalında Almaniyanın “Dresdner” klubu ilə qarşılaşan “Rabitə” səfərdə 3:1 (25:22, 22:25, 25:22, 25:19) hesabı ilə uduzsa da, evdə 3:0 (25:21, 25:14, 32:30) hesabı ilə qalib gələrək, mərhələ adlamağı bacarıb.

Maraqlıdır ki, həmin vaxt “rabitəçilərin” baş məşqçisi olan Draqutin Baltiç hazırda “Lokomotiv”i çalışdırır. Artıq bir dəfə uğura imza atan serbiyalı mütəxəssis almanlarla II dueldən də qalib ayrıla bilər.

18:00. “Lokomotiv” – “Şviriner”
Hakimlər: Maksim Berdnikov (Rusiya), Helmut Çrişinq (Avstriya).

Qeyd edək ki, “Azərreyl” və “İqtisadçı” ilk matçlarını fevralın 23-də keçirəcəklər.
0