“Alman maşını” Bakıda dayandırıldı - YENİLƏNİB
22.02.2011 - 19:25
“Alman maşını” Bakıda dayandırıldı - YENİLƏNİB
Bakının “Lokomotiv” klubu “Çelenc Cup” turnirində bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri yarışın 1/4 final mərhələsinin ilk matçında Almaniyanın “Şviriner” komandasını qəbul ediblər.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan oyun “Lokomotiv”in quru hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşə kimi “Çelenc Cup”da məğlubiyyət acısı yaşamayan “Şviriner” cari mövsümdə ilk dəfə Bakıda uduzub.

Düzdür, almanlar I setdə ciddi müqavimət göstəriblər. Lakin voleybolçularımız çətinliklə də olsa ilk hissəni aktivlərinə yazmağı bacarıblar – 25:23. Birinci setdən fərqli, ikinci hissə “Lokomotiv”in üstünlüyü şəraitində keçib və Draqutin Baltiçin yetirmələri 25:19 hesabı ilə qələbə qazanıblar.

Ardıcıl 2 hissədə uduzan “Şviriner” III setdə isə asan təslim olub. Rəqibin ruhdan düşməsindən istifadə edən “dəmiryolçular” onları 25:16 hesabı ilə məğlub edərək matçın yekun hesabını müəyyənləşdiriblər – 3:0.

Qeyd edək ki, “Şviriner” – “Lokomotiv” matçı martın 1-də keçiriləcək.


“Lokomotiv” – “Şviriner” - 3:0 (25:23, 25:19, 25:16)
Hakimlər: Maksim Berdnikov (Rusiya), Helmut Çrişinq (Avstriya).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0