9 oyun, 9 qələbə - YENİLƏNİB
23.02.2011 - 18:14
9 oyun, 9 qələbə - YENİLƏNİB
Bakının “İqtisadçı” voleybol klubu bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Jan De Brandtın yetirmələri “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk matçında Çexiyanın “Kralovo Pole” komandasını qəbul ediblər.

Bu mövsüm məğlubiyyət nə olduğunu bilməyən “İqtisadçı” 9-cu görüşünü də qələbə ilə başa vurub. Heyətində təcrübəli legionerlərə yer verən universitet komandasının çexiyalılara 1 set belə güzəştə getməyiblər.

İlk hissədə 25:20 hesabı ilə rəqibini məğlub edən “İqtisadçı” II seti daha asan aktivinə yazıb – 25:19. Növbəti hissə isə sonuncu olub. Dalbadal 2 setdə qələbə qazanan voleybolçularımız bu dəfə rəqiblərinə cəmi 17 xal veriblər.

Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan Bakı klubu “Çelenc Cup”da keçirdiyi 9-cu oyununda 9-cu dəfə meydanı başı uca tərk edib.

Qeyd edək ki, “Kralovo Pole” - “İqtisadçı” matçı martın 2-də keçiriləcək.

“İqtisadçı” - “Kralovo Pole” - 3:0 (25:20, 25:19, 25:17)
Hakimlər: Bayram Dikməntəpə (Türkiyə), Kristian Volf (İsveçrə)
“Sərhədçi” Olimpiya Mərkəzində
0