“Azarkeşlərin 80-90 faizi qara paltar geyinmişdi, bu, qorxulu idi”
23.02.2011 - 13:09
“Azarkeşlərin 80-90 faizi qara paltar geyinmişdi, bu, qorxulu idi”
“Biz yaxşı oynamadıq. Çoxlu səhvlər buraxdıq və elə bunun da qurbanı olduq”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Şviriner” klubunun voleybolçusu Culiya Raklaff deyib.

Komandasının 24 yaşlı kapitanı “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk matçında Bakıda “Lokomotiv”ə məğlub olmaları ilə barışmır. O bildirib ki, ilk seti qazana bilsəydilər, qələbə ilə qayıdacaqdılar: “Yaxşı başlamışdıq. Oyuna nəzarət edə bilirdik. İlk hissədə hesabı 11:11 etdik və II texniki fasiləyə öndə yollandıq – 16:15. Setin sonlarında da rəqibdən irəlidə idik. Lakin bu üstünlüyün davamını gətirə bilmədik. Buna baxmayaraq, komandamız II hissəyə də pis başlamadı. Lakin 18:18 hesabından sonra yenidən rəqibin irəliyə çıxması və fərqi artırması hamımızı ruhdan saldı. Nəticədə son seti də uduzduq. Amma bu duelə nöqtə qoymaq olmaz. Biz Almaniyada sonacan döyüşəcəyik”.

Raklaffın fikrincə, məğlubiyyətlərində hakim səhvi də az rol oynamayıb: “II setin sonlarında hakim haqsızlığı ilə qarşılaşdıq. Onlar bəzi qərarlarında səhvə yol verdilər. Bu da bizi bir qədər “sındırdı”.

Alman voleybolçu, həmçinin komandasının “Sərhədçi” Olimpiya Mərkəzinə toplaşan azarkeşlərdən vahimələndiyini etiraf edib: “Zala təxminən 2500 azarkeş toplaşmışdı, 80-90 faizi isə qara paltar geyinmişdi. Bu, bir az qorxulu idi”.

Qeyd edək ki, “Lokomotiv” - “Şviriner” oyunu 3:0 hesabı ilə yekunlaşıb.
0