2-ci qələbə, yoxsa 4-cü məğlubiyyət?
24.02.2011 - 00:00
2-ci qələbə, yoxsa 4-cü məğlubiyyət?
“Rabitə” voleybol klubu bu gün Çempionlar Liqasının II pley-off mərhələsində ilk matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, komandamız Polşada “Bank BPS Fakro”nun qonağı olacaq.

Matçın favoriti “Rabitə” sayılsa da, voleybolçularımızın səfərdə qələbə qazanmaları heç də asan olmayacaq. Çünki Dejan Brdjoviçin yetirmələri Bakıdan kənarda lazımı oyun nümayiş etdirə bilmirlər.

Bu mövsüm Çempionlar Liqasında 4 dəfə səfərdə meydana çıxan “rabitəçilər” bunların 3-də məğlubiyyətlə barışıblar. Onlar ilk xal itkisi ilə isə məhz yenidən yollandıqları Polşada üzləşiblər. Qrup mərhələsində “Aluprof”un qonağı olan komandamız rəqibinə 2:3 hesabı ilə uduzmuşdu. Bu səbəbdən üstünlük “Bank BPS Fakro”nun voleybolçularının tərəfindədirlər.

Bu azmış kimi, “Rabitə”nin hazırkı rəqibi “Aluprof”la keçirdiyi hər 2 qarşılaşmada qələbə qazanıb və turnir cədvəlində də onlardan 6 xal çox toplayıb. Bunun üçün Dejan Brdjoviçin yetirmələrini səfərdə çətin sınaq gözləyir.

Düzdür, I pley-off mərhələsində Çexiyanın “Modranska” komandasına “Qızıl set”də qalib gələn komandamız bu dəfə hər 2 matçda qələbə qazanmaq arzusundadır. Çünki onlar yenidən “lotereyaya” ümid etmək istəmirlər. Bunun üçün “Rabitə” “Bank BPS Fakro” ilə ilk qarşılaşmada bütün gücünü ortaya qoyacaq ki, Bakıda cavab görüşünə yenə də həyəcan içərisində çıxmasınlar.

21:00. “Bank BPS Fakro” – “Rabitə”
Hakimlər: Vim Kambre (Belçika), Mirel Dorin Zaharesku (Rumıniya)
0